Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Ramiz Rizayevin 80 yaşı tamam olur
01.11.2019 09:15
  • A-
  • A
  • A+

Akademik Ramiz Rizayevin 80 yaşı tamam olur

Noyabrın 2-də görkəmli kimyaçı alim, akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, akademik Ramiz Rizayevin 80 yaşı tamam olur.

Rizayev Ramiz Həsənqulu oğlu 2 noyabr 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib. 1973-1985-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1985-2002-ci illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda direktor, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri işləyib. Hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

R.Rizayev 1965-ci ildə "Bəzi alkiləvəzli tsikloheksanların oksidləşdirici ammonoliz reaksiyalarının tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Bəzi aromatik karbohidrogenlərin oksidləşdirici ammonoliz proseslərinin öyrənilməsi" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1978-ci ildə isə professor adını alıb. O, 1983-cü ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib.

Alimin əsas elmi fəaliyyəti heterogen kataliz sahəsinə aiddir. O, karbo­hidrogenlər və onların funksional törəmələrinin yumşaq və qoşulmuş oksidləşmə reaksiyalarının nəzəri və praktiki aspektlərini ətraflı tədqiq edib, alkil benzollar və onların xlorlu törəmələrinin oksidləşdirici ammonoliz reaksiyaları üçün yüksək effektli katalizatorlar yaradıb və bu proseslərin elmi əsasını qoyub. R.Rizayev kiçik molekullu parafinlərin oksidləşdirici dehidrogenləşmə proseslərinin öyrənilməsində bir sıra fundamental nəticələr əldə edib, aromatik nitrillər əsasında bir çox qiymətli sintetik materialların səmərəli alınma üsullarını sənaye praktikasında tətbiq edib. Əldə etdiyi elmi və praktiki nəticələr alimin "Aromatik nitrillərin istehsalında heterogen kataliz", "Tərkibində vanadium olan oksid katalizatorları üzərində C4-C5 parafinlərinin oksidləşdirici dehidrogenləşdirilməsi", "Alkil aromatik karbohidrogenlərin oksidləşdirici ammonolizinin dehidrogenləşmə mexanizmi" və bir çox başqa əsərlərində öz əksini tapıb.

R.Rizayev 280-dən çox elmi əsərin, o cümlədən 50 müəlliflik şəhadətnaməsi və 30 xarici patentin, 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 elmlər və 26 fəlsəfə doktoru hazırlanıb.

R.Rizayev elmi xidmətlərinə görə Azərbaycan Ali Sovetinin və AMEA-nın Fəxri fərmanları, o cümlədən "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.

Görkəmli kimyaçı alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: