Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şoloxovşünasların beynəlxalq elmi konfransında iştirak edib
16.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şoloxovşünasların beynəlxalq elmi konfransında iştirak edib

Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətənində - Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində keçirilmiş beynəlxalq konfransda Azərbaycan elmi ictimaiyyətini AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təmsil edib.

“Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda Rusiya, Azərbaycan, Polşa, Belarus, İndoneziya, İran alimləri elmi məruzələrlə çıxış ediblər.

Dünya şöhrətli yazıçı M.A.Şoloxovun həyatı və yaradıcılığını əks etdirən beynəlxalq konfransın böyük ədibin nəvəsi, Şoloxov muzey kompleksinin direktoru Aleksandr Mixayloviç Şoloxovun sədrliyi ilə keçən iclasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Korniyenkonun “Mixail Şoloxov və müasirləri: metodologiya və mənbəşünaslıq məsələləri”, Cənubi Rusiya Federal Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru Nikolay Stopçenkonun “Mixail Şoloxovun bədii irsində Almaniya mövzusu” və s. məruzələr dinlənilib.

İ.Həbibbəyli beynəlxalq konfransın plenar iclasında “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ilk növbədə, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısı Mixail Şoloxovun zəngin irsinə verdiyi yüksək qiymət gerçək ədəbiyyat siyasəti nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzədə M.Şoloxovun yaradıcılığındakı epoxanı bədii cəhətdən ümumiləşdirmək istedadı, “kiçik adamı” epopeya səviyyəsində təqdim edə bilmək qabiliyyəti elmi əsaslarla izah olunub. “Kiçik adama” münasibətdə böyük rus yazıçısı Mixail Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlillər və müqayisələr xalqların və ədəbiyyatların tipoloji ortaq baxışlarının təqdim edilməsi baxımından maraq doğurub.

Bundan başqa, akademik İ.Həbibbəylinin “Mixail Şoloxov və Azərbaycan” mövzusunda etdiyi məruzədə xalq şairi Səməd Vurğunla “Sakit Don” epopeyası, “Oyanmış torpaq” romanı, “İnsanın taleyi” povestinin müəllifi olan qüdrətli sənətkarla sovet yazıçılarının ikinci qurultayında ümumittifaq poeziyası haqqında məruzə ilə çıxış etmiş xalq şairi Səməd Vurğunun şəxsi dostluğunun və yaradıcılıq əlaqələrinin mahiyyəti və əhəmiyyəti sənətkar və zaman münasibətləri müstəvisində elmi əsaslarla şərh olunub.

Səfər zamanı böyük rus yazıçısı Mixail Şoloxovun ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət olunub. XX əsr ərzində “Sakit Don” epopeyası əsasında çəkilməkdə olan üçüncü bədii filmin yaradıcı heyəti ilə dialoq və çəkiliş üçün salınmış xutorla tanışlıq da əhəmiyyətli olub.

Tədbirdə, həmçinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun “Azərbaycanın ali və orta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri” mövzusundakı məruzəsi dinlənilib.

Sonda Azərbaycan nümayəndə heyəti adından Mixail Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: