Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib

Sentyabrın 16-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli Azərbaycan ədibi, tanınmış şair və ictimai xadim, Xalq Şairi, “Şərəf” ordenli Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Vaqif Səmədoğlunun zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib. Xalq şairinin yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə, xalqımızın milli mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığını əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Qeyd edib ki, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin yaradıcılığı həmişə yüksək qiymətləndirilmiş və o, Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Xalq Şairi fəxri adlarına, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Bildirilib ki, onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuşdur. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilmişdir. O, “Oğuz eli” qəzetinin baş redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində çalışmış, 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

R.Hüseynov şeirimizə yeni poetik təfəkkür gətirmiş V.Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlerindən ibarət toplusunun da təqdimat mərasimi keçirilib. Kitabın tərtibçisi, “Azerbaijan international” jurnalının baş redaktoru xanım Betty Blair Vaqif Səmədoğlu yaradıcılığı haqqında təəssüratlarını bölüşüb.

Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, kino-dramaturq Ramiz Rövşən, Xalq artisti Fəxrəddin Manafov, bəstəkar Faiq Sücəddinov, aktyor Fuad Poladov, aktyor-müğənni Mehriban Zəki və digərləri Vaqif Səmədoğlu, onun yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

Tədbirdə şairin əsərlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

Şairin ömür və sənət yolundan bəhs edən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi salnamə” yaradıcılıq studiyası tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib, C. Quliyevin V. Səmədoğlunun sözlərinə bəstələdiyi yeni nəğmə ilk dəfə təqdim olunub.

Sonda çıxış edən V.Səmədoğlu ona göstərilən diqqət və qayğıya görə muzeyin rəhbərliyinə və mərasim iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: