www.science.az
16.11.2019 11:59

“Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

AMEA-nın Mikrobiologiya İnstitutunda 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqənin yekun iclası keçirilib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını söyləyib.

Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə məktəblilər arasında keçirilən müsabiqənin əhəmiyyətindən danışıblar. Çıxış edənlər müsabiqənin şagirdlərin elmi biliklərə marağının artırılmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında və onların gələcək inkişafında vacibliyini qeyd edib, məktəblilərə tövsiyələrini veriblər.

AMEA–nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müasir müstəqil Azərbaycanın bütün sahələrdə uğurlarından bəhs edib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran İradə Hüseynova gənclərin elmə marağının artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Famin Salmanov şagirdlərin elmə marağının artırılmasında bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin təşkilat komitəsinin sədri, Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Könül Baxşəliyeva bildirib ki, məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik, vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyəti və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən üç nominasiya üzrə qiymətləndirilib.

Daha sonra münsiflər heyətinin qərarına əsasən, “Mikrobioloji proseslərin sxematik təsiri mikroorqanizmiərin təsviri ilə” və “Xüsusi seçilmiş işlər” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Bakı Avropa Liseyinin, İncəsənət Gimnaziyasının və Gənc İstedadlar Liseyinin şagirdləri Oğuz İsayev, Finarə Nəcəfova və Məmməd Hüseynov birinci yerin qalibi olublar. Bakı Modern Təhsil Kompleksinin şagirdləri Bəyim Seyidova, Murad Ağabalayev, Fidan Əhmədova, Ləman Quliyeva, Dilbər Nəcəfova, Nuray Hüseynzadə, Gövhər Aslanova və Bakı şəhər 103 nömrəli məktəbin şagirdi Şəhanə İsmayilova ikinci yerə layiq görülüblər.

Paytaxtın 221, 232, 14, 21 və Salyan rayonunun 4 nömrəli məktəblərinin, eləcə də Bakı Modern Təhsil Kompleksinin şagirdləri isə üçüncü yeri tutublar.

Qaliblərə diplom və pul mükafatları, əl işləri xüsusi seçilən şagirdlərə isə hədiyyə və sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.