www.science.az
18.11.2019 14:46

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

Noyabrın 18-də görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub.

Açılış mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötükcəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Əvvəlcə Mədəniyyət nazirinin birinci  müavini Vaqif Əliyev çıxış edərək zəngin ədəbi irsə malik Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq məfkurəsinin təbliği, Azərbaycan xalqının azadlığı və maariflənməsi, Azərbaycan dilinin saflığının qorunması kimi mövzuların aparıcı yer tutduğunu bildirib. Vaqif Əliyev Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin yazıçının yaradıcılığına hər zaman yüksək qiymət verdiyini deyib, ümummilli liderin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı, onun böyük ədibin 125 illik yubiley tədbirindəki nitqini xatırladıb. 

Cəlil Məmmədquluzadənin ev-muzeyində təmirdən sonra yeni ekspozisiyaların açıldığını söyləyən V.Əliyev vurğulayıb ki, bu mədəniyyət ocağını ziyarət edənlər ədibin yaradıcılığı və irsi ilə daha yaxından tanış ola biləcəklər.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə C.Məmmədquluzadənin 150 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu deyən İ.Həbibbəyli böyük dramaturqun ev-muzeyinin yenidən qurularaq istifadəyə verilməsinin də bu sənəd çərçivəsində həyata keçirildiyini qeyd edib. Bildirib ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçıları 68 illik fasilədən sonra ilk dəfə Mirzə Cəlilin ev-muzeyinin açılışı üçün Azərbaycana gəliblər. Mirzə Cəlilin nəvələrinin İranda, Polşada, Fransada və İrlandiyada yaşadığını deyən alim onların ulu babalarının evini ziyarət etmələrini əlamətdar hadisə kimi dəyərləndirib.

C.Məmmədquluzadənin əsərlərinin böyük hissəsini məhz bu evdə qələmə aldığını vurğulayan İ.Həbibbəyli yazıçının sovet rejimi tərəfindən İrandan ölkəmizə dəvət olunduğunu, lakin bir il ərzində ona lazımi diqqətin göstərilmədiyini söyləyib. O, böyük dramaturqa bu evin verilməsində Nəriman Nərimanovun müstəsna xidmətlərini xüsusi qeyd edib. AMEA-nın vitse-prezidenti, həmçinin evin birinci mərtəbəsinin “Molla Nəsrəddin” jurnalının dərc olunduğu “Molla Nəsrəddin” mətbəəsi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

“Mirzə Cəlilin yaşadığı bu ev Azərbaycan ictimai fikrinin əsas mərkəzlərindən biri olmuşdur”, – deyən İ.Həbibbəyli C.Məmmədquluzadənin Azərbaycanın görkəmli yazıçıları və mütəfəkkirləri, o cümlədən Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Soltan Məcid Qənizadə ilə bu evdə görüşüb fikir mübadiləsi apardığını vurğulayıb. Bildirib ki, Mirzə Cəlil Azərbaycan ziyalılarını ətrafında birləşdirən “Molla Nəsrəddin” məktəbi yaratmış böyük sənətkardır. Azərbaycanın müstəmləkəçilikdən azad olub müstəqillik əldə etməsi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması yazıçının əsas hədəflərindən biri olub.  

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar isə bu mədəniyyət ocağının yenidən öz qapısını ziyarətçilərin üzünə açmasını mühüm hadisə kimi qiymətləndirib. O, muzeydə görkəmli yazıçının yaşayıb-yaratdığı dövrün ruhunun əks olunduğunu bildirib. Xalq yazıçısı qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb. Sonralar ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra muzeyə diqqət yenidən artırılıb: “Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Böyük ədibin həyat yoldaşı Həmidə xanım xatirələrində yazırdı ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir”.

Sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasının xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib: “Cəlil Məmmədquluzadənin xatirəsinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici haldır. Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.

Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılmasında hafiztimes.com saytının redaktoru Hafiz Əhmədovun xüsusi əməyi var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.