Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2019 16:10
  • A-
  • A
  • A+

AMEA-da “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib

Noyabrın 20-də AMEA-nın Əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğluya həsr olunan elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir.

Əhməd bəy Ağaoğlunun işıqlı həyat yolundan danışan alim bildirib ki, görkəmli ictimai-siyasi xadim milli mücadilənin bütün istiqamətlərində fəaliyyət göstərib, bir alim, hüquqşünas və millət fədaisi olaraq həmişə təşəbbüskarlığı və fəallığı ilə seçilib. O, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, Ə.Ağaoğlu hər zaman məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni inkişafından keçdiyini qeyd edib. O, Azərbaycan mütəfəkkirləri arasında qadınlara bərabər hüquqların verilməsinə dair çağırış edən və bu addımı azadlıq mücadiləsinin əsas faktorlarından biri kimi qiymətləndirən ilk ziyalılarımızdan idi.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışıb. Alim Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb. Bildirib ki, görkəmli şəxsiyyətin hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rolu olub.

Qeyd olunub ki, Əhməd bəy Azərbaycan mətbuatında, xüsusilə redaktoru olduğu “Həyat” qəzetində və “İrşad” qəzetində, eləcə də Türkiyə mətbuatında dərc olunmuş əsərlərində Qərb yönümlü cümhuriyyət tipli dövlətin qurulması ideyalarını təbliğ edib. Onun “Həyat” və “İrşad” qəzetindəki fəaliyyəti Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa və müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib. Əhməd bəyin “Həyat” qəzetində dərc olunan məqalələri milli intibahın manifesti səviyyəsindədir. Bu qəzetin çağırışları Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxarıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, Əhməd bəy Ağaoğlu Türkiyədə Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı keçirilmiş beynəlxalq simpoziumu xatırladan İsa Həbibbəyli bu tədbirdə görkəmli mütəfəkkirin Fransada yaşayan oğlunun və bacısı nəvəsinin də iştirak etdiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli Əhməd bəy Ağaoğlu haqqında ümumiləşdirici monoqrafiyanın hazırlanmasına ehtiyac olduğunu deyərək, bu məqsədlə AMEA-nın bir sıra institutlarının birgə həmin monoqrafiya üzərində işləməsi təklifini irəli sürüb.

Daha sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək Əhməd bəy Ağaoğlunun çoxşaxəli və gərgin fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratdığını, Azərbaycanın ədəbi-mədəni fikir xəzinəsini yeni ideyalarla daha da zənginləşdirdiyini vurğulayıb.

Tədbirdə professor Solmaz Rüstəmova-Tohidinin “Əhməd bəy Ağaoğlu və milli kimlik” mövzusunda məruzəsi dinlənilib. Əhməd bəy Ağaoğlunun milli kimlik məsələsində “iranlı” kimliyindən “türkçülüyə” doğru düşüncələrinə diqqət çəkən məruzəçi ictimai-siyasi xadimin həyat yolunu, onun şərqşünas-iranşünas tədqiqatçı kimi Fransa, İngiltərə, Qafqaz və Türkiyə mətbuatında dərc olunan İrana dair məqalələri və kitabları əsasında fəaliyyətini nəzərdən keçirib. S.Rüstəmova-Tohidi böyük mütəfəkkirin İran və Azərbaycan türklərinə “iranlı” və “türk” kimliyi bucağından baxışlarını təhlil edərək, “Azərbaycanlı” kimliyinə dair mövqeyinə münasibət bildirib.

Konfransda fəl.ü.f.d., dosent Esmeralda Həsənova “Əhməd bəy Ağaoğlu və onun Türkiyənin ictimai-siyasi fikrinin inkişafında rolu”, ilah.ü.f.d., dos. Məmmədəli Babaşlı “Əhməd bəy Ağaoğlunun milli ləyaqət uğrunda mücadiləsinin mahiyyəti və əhəmiyyəti”, fil.ü.f.d., dos. Səriyyə Gündoğdu “Sırati-müstəqim” dərgisində Əhməd bəy Ağaoğlunun maarifləndirici fəaliyyəti” və Mirzə Ənsərli “Əhməd bəy Ağaoğlu və Malta sürgünü” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: