Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.11.2019 15:00
  • A-
  • A
  • A+

“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 21-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fəlsəfə İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il və "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" 11 yanvar 2019-cu il tarixli sərəncamlarını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir və sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına imkan açır. Nəsiminin Azərbaycanda hürufizm ədəbiyyatının əsasını qoyduğunu deyən İ.Həbibbəyli bildirib ki, böyük ədəbi məktəb yaradan şairin şeirlərində insan kainatın ən ali varlığı kimi vəsf edilir, kamil insan olmağa çağırılır.

AMEA-nın vitse-prezidenti Nəsimi yaradıcılığının ümumbəşəri əxlaqi dəyərlərindən, humanizmindən və Azərbaycan dilinin poetik dilinin formalaşmasındakı rolundan da danışıb. O, mütəfəkkir şairin lirikasının özünəməxsus sənətkarlıq xüsusiyyətlərinə malik olduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini söyləyib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz irs qoyduğunu qeyd edib. Hürufiliyin Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayıldığını deyən İ.Məmmədzadə bunun sayəsində ədibin Misir, Suriya, İraq, İran və Anadolunun ən tanınmış simalarından birinə çevrildiyini söyləyib. O, şairin dərin məntiqi və fəlsəfi baxışları ilə daim dünyanın qabaqcıl alimlərinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva isə bildirib ki, Nəsimi şeir və qəzəlləri vasitəsilə insanı ali həqiqət kimi ucaldıb, dövrün  hökmdarlarını öz təsiri altına almağı bacarıb. O, şairin hələ 14-cü əsrdə humanizm ideyalarını dünyaya təbliğ etməyə başladığını və Balkanlardan Hindistana kimi bir çox xalqların inkişafına zəmin yaratdığını söyləyib. Vurğulayıb ki, Nəsimi şəxsiyyətinə qiymət hələ SSRİ dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib və 1973-cü ildə şairin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd olunub, Bakıda onun heykəli ucaldılıb, böyük mütəfəkkirə həsr olunan bədii film çəkilib. S.Məmmədəliyeva, həmçinin cari ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kiçik planetlərdən birinə Nəsiminin adının verildiyini xatırladıb.

Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın ölkəmizdəki səfiri Zaxar Gross və Türkiyə Səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi çıxış edərək Nəsiminin zəngin yaradıcılığından və onun orta əsrlər fəlsəfi fikrinin inkişafındakı rolundan danışıblar.

Daha sonra yerli və xarici alimlərin “İmaməddin Nəsimi şəxsiyyətinin və fəlsəfəsinin özəllikləri”, “Nəsimi sirrinə bir baxış”, “Nəsimi poeziya ilə fəlsəfəsinin kəşisməsində”, “Həbibinin hürufi görüşlərinin formalaşmasında İmadəddin Nəsiminin rolu” və “Gəlmiş cahana şərh edər şimdi Nəsimi həqq sözün” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın materialları "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" adlı kitabda nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: