www.science.az
10.12.2019 17:44

İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dekabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfrans çərçivəsində “Bir əsrlik Nəsimi araşdırmaları” kitabı da təqdim olunub.

Konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Cavid Kazımov bildirib ki, ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən illik tədbirlər planı tərtib edilib. Plana uyğun olaraq il ərzində qoruq idarəsi tərəfindən müxtəlif formatlı tədbirlər keçirilib. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarət “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitab ərsəyə gəlib.

Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini bildirib.

Akademik R.Hüseynov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında ölkəmizin bütün regionlarında ümumilikdə 650 min ağacın əkilməsini yüksək qiymətləndirib.

R.Hüseynov qeyd edib ki, ortaya çıxan bu kitab Nəsiminin qayıdışı sayıla bilər. Onun qayıdışı 1926-cı ildə söz loğmanımız Salman Mümtazdan başlanır. O, araşdırmalarında ilk dəfə Azərbaycan insanına Nəsimi şeirlərini təqdim etməklə böyük nəsimişünaslıq yolunun başlanğıcını qoyub. 

Daha sonra Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları Nəsimi irsinin daha geniş tədqiqinə və şairin daha geniş coğrafiyada tanınmasına təkan verib.

Yazıçı-publisist Səadət Şəfiyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq.

Tədbir çərçivəsində Nəsiminin miniatür obrazlarını əks etdirən rəsm sərgisi də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.