Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2019 09:43
  • A-
  • A
  • A+

20 nömrəli məktəb-liseydə Nəsiminin 650 illik yubileyi qeyd olunub

20 nömrəli məktəb-liseydə Nəsiminin 650 illik yubileyi qeyd olunub

"Ey Nəsimi, cahanı tutdu sözün..." mövzusunda II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Bakı şəhəri 20 nömrəli məktəb-liseydə tədbir keçirilib.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən tədbirdə şairin həyat və yaradıcılığına dair şagirdlərin əl işlərindən ibarət sərgi də təşkil olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AR Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də 20 nömrəli məktəb-liseyin müəllim-şagirdləri, xarici ölkələrin alimləri və KİV nümayəndələri iştirak ediblər.

Mərasimi məktəbin direktoru Səadət Veysova açaraq ölkə başçısının 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan edildiyini xatırladıb, sözügedən sənəddən irəli gələn tədbirlər çərçivəsində rəhbərlik etdiyi müəssisədə silsilə tədbirlərin keçirildiyini bildirib.

Sonra çıxış edən akademik İsa Həbibbəyli İmadəddin Nəsiminin Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən öncəki Azərbaycan, o cümlədən Şərq ədəbiyyatının ən görkəmli nümayəndəsi olduğunu bildirib. Qeyd edib ki, Nəsimi qiymətli ideyaları, poetik ifadələri ilə tarixdə silinməz izlər qoyub, ədəbiyyatımızı zənginləşdirib, ana dilimizi mükəmməl ədəbi dil səviyyəsinə qaldırıb. O, şairin humanist, vətənpərvərlik ideyaları, bədii irsi ilə yaddaşlarda qaldığını, "Məndə sığar iki cahan" qəzəli ilə insanın əzəmətini, kamilliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.

İ.Həbibbəyli son illərdə AMEA ilə təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib, konfransın şairin ideyalarının gənc nəsillərə çatdırılmasında mühüm rol oynayacağını söyləyib.

Akademik daha sonra Ədəbiyyat İnstitutunun nəşrlərini məktəbə hədiyyə edib.

Konfransda, həmçinin Məhəbbət Vəliyeva və Rəşad Tağıyev çıxış edərək 2019-cu ilin "Nəsimi ili" elan edilməsini ölkə başçısının milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi diqqətin təzahürü olduğunu bildiriblər.

Daha sonra şagirdlərin ifasında İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: