Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.12.2019 14:18
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Naxçıvan Bölməsində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin vəfatından 16 il keçir. Xalqımız hər il ulu öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. 

İ.Hacıyev vurğulayıb ki, həm Azərbaycanın, həm də onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının günü-gündən inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. Ulu öndərin əbədiyaşar ideyaları bu gün ölkə Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən layiqincə davam etdirilir. Ölkədə uğurla həyata keçirilən bütün tədbirlər müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu artırır.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Heydər Əliyev: Əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: