Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib
13.12.2019 14:21
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib

Dekabrın 13-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Saymaz Aruz ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb, dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu söyləyib.

S.Aruz İmadəddin Nəsiminin zəngin yaradıcılığından söhbət açıb.

Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərovun “Azad ruhun psixologiyası”, həmin şöbənin böyük elmi işçisi, musiqişünas, musiqi terapevti Bahar Bəylərova-Ələkbərovanın “... Mən...” mövzularında məruzələri dinlənilib.

Tədbirdə Nəsimi rayonu general-leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdləri “Dinin dirəyi Şeyx Nəsiminin simasında elmimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Həmçinin muzeylərarası inteqrasiya proqramı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən “İrs” qədim musiqi alətləri ansamblının dahi şairin yubileyinə həsr olunmuş bədii proqramı təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin muzeyin milli-mənəvi irsinə dair eksponatlardan ibarət kiçik guşə və Azərbaycan Milli Kitabxanasının Nəsimi irsini əks etdirən kitablardan ibarət sərgi təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: