Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Vətənpərvər alim, ictimai-siyasi xadim, qayğıkeş insan
16.12.2019 09:15
  • A-
  • A
  • A+

Vətənpərvər alim, ictimai-siyasi xadim, qayğıkeş insan

Böyük insanları həmişə uca dağlara bənzədirlər. Çünki onlar adiliklər müstəvisinə sığmırlar. Görkəmli alim, akademik Həsən Əliyev də təkrarsız insani xüsusiyyətlərə malik olan şəxsiyyət idi. Sadəlik, təbiilik, müstəsna qayğıkeşlik, səmimiyyət, xeyirxahlıq, alicənablıq onu ətrafdakılara doğmalaşdıran və sevdirən ən mühüm keyfiyyətlərdən idi. Həsən Əliyev keşməkeşli həyat yaşamışdı. Ziyalılığı, insanpərvərliyi ilə hamının, xüsusilə elmi ictimaiyyətin sonsuz hörmət və ehtiramını qazanmışdı. Bu böyük alimin həyatı və yaradıcılığı bugünkü və gələcək nəsillər üçün bir nümunədir.

Qədim Zəngəzur torpağında dünyaya göz açan Həsən Əliyevin hələ uşaq yaşlarından təbiət vurğunu olması, vətənpərvərliyi sonrakı dövrlərdə onun Azərbaycan təbiətinin qorunması üçün "Həyəcan təbili” çalmasına, belə qiymətli əsər yazmasına gətirib çıxarmışdır. Hələ 7-8 yaşlarında Comərdli kəndinin güllü-çiçəkli kövşənindən başlayan kiçik bir cığır yorulmaz tədqiqatçı alimin zəhməti, yüksək fitri istedadı, intellektual potensialı, ən əsas isə vətəninə sevgisi sayəsində genişlənmiş, elmin akademik Həsən Əliyev zirvəsinə qalxmasına səbəb olmuşdur.

Əvvəlcə Naxçıvandakı Kənd Təsərrüfatı Texnikumunda (1927-30-cu illərdə), sonra isə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunda (1930-32-ci illərdə) təhsil almışdı. 1932-ci ildə aspiranturaya daxil olmuşdur. Bundan sonra bütün həyatını elmə həsr edərək, düz altmış illik fəaliyyətində ölkəmizin təbiətinin qorunması, zənginləşməsi, daha da səmərəli şəkildə istifadə olunması yolunda fədakarlıq göstərmiş, şərəfli bir ömür yolu keçmişdir.

Həsən Əliyevin apardığı elmi-tədqiqat işlərinin istiqaməti onun gələcəkdə böyük torpaqşünas, botanik, ekoloq alim kimi formalaşmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında qeyd olunduğu kimi: "Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir”.

Akademik Həsən Əliyevin 1930-1940-cı illərdə apardığı tədqiqatlar təkcə onun elmi fəaliyyətinin başlanğıcı deyil, eyni zamanda Azərbaycan torpaqşünaslıq elminin əsasının qoyulduğu tarixi dövrdür.

Ömrünün üç ilini Böyük Vətən müharibəsinin odu-alovu içərisində keçirmiş Həsən müəllim ağır döyüşlərin birində ciddi yaralanaraq ön cəbhədən tərxis olunmuş və yenidən elmi fəaliyyətini davam etdirmişdir.

1944-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdi. Qısa zamanda Azərbaycan elminə böyük töhfələr vermiş, görkəmli alim, ictimai-siyasi xadim kimi tanınmışdır. Beləliklə, böyük torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əliyev 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.

O, Azərbaycan elminin korifeyləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digər görkəmli alimlərlə birlikdə elmimizin inkişafında müstəsna xidmətlər göstərmişdir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşmışdır.

1949-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna rəhbərlik edən Həsən müəllimin səyi nəticəsində səkkiz cildlik "Azərbaycan florası” kitabı hazırlanmış və nəşr olunmuşdur. Akademik EA-nın akademik katibi vəzifəsində işləyərkən (1952-1957-ci illərdə) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda respublika torpaq fondunun pasportlaşdırılmasına başçılıq etmişdir.

Həsən müəllimin Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, Botanika, Coğrafiya institutlarının direktoru, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri kimi fəaliyyət göstərdiyi dövr torpaqşünaslıq və aqrokimya elminin hərtərəfli inkişaf mərhələsi kimi dəyərləndirilir.

Alimin əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə etmişdir. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətidir.

Görkəmli alim 1952-1960-cı illərdə Böyük Qafqazın torpaqlarının genetik-coğrafi cəhətdən öyrənilməsi sahəsində "Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması”, "Azərbaycanda qaratorpaqların yayılması məsələsinə dair”, "Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, "Böyük Qafqazın Şərq hissəsinin qəhvəyi meşə torpaqları” və s. elmi əsərlərini çap etdirmişdir. Bu kitablarda Böyük Qafqazda torpaq əmələgəlmə şəraiti dərindən tədqiq edilmiş, taksonomik torpaq vahidlərinin hərtərəfli elmi təsviri verilmişdir.

Azərbaycan Respublikası torpaqlarının kompleks tədqiqi, müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, coğrafi atlasların hazırlanması, ətraf mühitin öyrənilməsi bilavasitə akademik Həsən Əliyevin adı ilə bağlıdır.

Görkəmli alim 1970-ci ildən başlayaraq ömrünün sonuna qədər əsas diqqətini Azərbaycanda təbiətin mühafizəsinə, ekoloji problemlərin, torpağın eroziyası, çirklənməsi və rekultivasiyası məsələlərinə yönəltmişdir.

Respublikamızda ətraf mühitin pozulması, təbii sərvətlərin deqradasiyası və tədricən sıradan çıxması Həsən Əliyevi daim narahat edirdi. O, insanları təbiəti sevməyə, ona qayğı göstərməyə çağıraraq yazırdı: "Mühitin dəyişdirilməsi bəşərin varlığını təhlükə qarşısında qoyur. İnsan özü-özünün keşikçisi olmalıdır. Ayrı heç bir canlı onun harayına gəlməyəcək... Bu gün həyəcan təbili çalmaq yerinə düşərdi. Bu "təbili” heç yerdən asmaq lazım deyil. O, bugünün insanlarının ürəyidir. Bu ürək ətrafına daha həssas baxmalı, təbiətdən harada, nəyi, necə götürmək məsələsində, həmişə, hər yerdə öz sözünü deməlidir. Bu münasibət üzərində yaşadığımız, havasını udduğumuz Azərbaycan təbiətinə aiddir. Azərbaycan təbiətinə kor-koranə münasibət görəndə bu təbil daha böyük həyəcanla döyülməli, bizi ayıq-sayıq salmalıdır. Bəlkə toya, yasa və digər mərasimə yubanmaq da olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır...”

Akademikin vaxtilə dediyi "..təbiət aynadır. Ona ləkə düşməməlidir. Ləkəli ayna əksi eybəcər hala saldığı kimi, qorunmayan təbiət də insana həm maddi, həm mənəvi əziyyət verir” sözləri bütün dövrlər üçün aktualdır.

Akademik Həsən Əliyev qırx ildən artıq bir dövr ərzində respublikamızda təbiəti mühafizə ideyasının təbliği yolunda maarifçilik işi aparmışdır. XX əsrin ikinci yarısında elmi-texniki tərəqqinin yaratdığı möcüzələr heyrət doğursa da, onun təbiətə vurduğu yaraların sızıltısı hələ uzun çəkəcəkdir. İnsanların məqsədyönsüz fəaliyyəti məhsuldar düzənləri səhralara, meşələri bozqırlara, çılpaqlaşmış dağ yamaclarını sıldırım qayalıqlara çevirir. Planetimizdə insanların sayı artır, təbii mühitin isə onları yaşatmaq imkanı azalır. Daha doğrusu, insanın özü bu imkanı azaldır. Həsən müəllim bunu çoxlarından yaxşı görürdü və dərk edirdi. O, həmişə deyirdi ki, elliklə ümidlərimizin, arzu və istəklərimizin həqiqətə çevrilməsi, reallığa qovuşması bizim təbiətə münasibətimizdən çox asılıdır. Təbiətə münasibət həm də dünya sivilizasiya sistemində konkret bir millətin özünüdərketmə və mənəvi-mədəni inkişafının səviyyəsini, yetkinliyini göstərir.

"Dünyada mövcud olan on bir iqlim növündən doqquzu bütövlükdə, ikisi isə qismən Azərbaycanda var. Bu, möcüzədir. Bunu dərk edin, qiymətini bilin ...” Onun təbiət adlı simfoniyasının uvertürası idi bu kəlmələr. Tez-tez təkrar edər, bu hikmətin çəkisini, dəyərini, mənasının dərinliyini anlatmağa çalışardı.

Həsən müəllimə görə təbiəti sevmək vətəni sevmək demək idi. Təbiətimizin mühafizəsi sahəsində göstərdiyi xidmətlərin nəticəsi idi ki, o, Azərbaycan Elmlər Akademiyasının Təbiəti mühafizə üzrə komissiyanın sədri seçilmişdi.

Təbiətin mühafizəsinə xüsusi diqqət ayıran akademik respublikamızda həmin problemin həllinin vacibliyi ilə bağlı həyəcan təbili çalmışdır. Onun "Həyəcan təbili” əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırış idi.

1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda Zaqafqaziyada təbiətin mühafizəsinə həsr olunmuş müşavirə keçirilmiş, bu müşavirədə ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilmiş və əməli təkliflər irəli sürülmüşdür. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin şəxsi təşəbbüsü ilə yaradılmşdır.

Akademik Həsən Əliyevin redaktorluğu ilə çap edilən "Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynamışdır.

Akademikin təşəbbüsü ilə Kürboyu "Qarayazı”, "Bəsitçay”, "Türyançay”, "İsmayıllı”, "Pirqulu”, Kiçik Qafqazda "Göygöl”, Qarabağ vulkanik yaylasının cənub hissəsində "Qaragöl” və nəsli kəsilmək təhlükəsi olan ceyranların mühafizəsi, artırılması üçün "Şirvan” dövlət qoruqları yaradılmışdır.

Sevindirici haldır ki, görkəmli təbiətşünas alimin ölkəmizin ekoloji mühiti, zəngin təbiətinin qorunması haqqındakı arzuları reallığa çevrilmişdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, yaşıllıqların sahəsi artırılır, yeni qoruqlar, milli parklar yaradılır, təbiətimizin mühafizəsi istiqamətində dövlət səviyyəsində mühüm işlər görülür. Bu günlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizin müxtəlif bölgələrində 650 min ağac əkildi. Bu mühüm əhəmiyyətli kampaniyada Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişdir. Bütün bunlar həm də görkəmli alim Həsən Əliyevin təbiətin zənginləşdirilməsi sahəsindəki arzularının reallığa çevrilməsi, onun təməlini qoyduğu ənənələrinin davam etdirilməsidir.

Mənalı və şərəfli ömür yaşamış akademik Həsən Əliyev özündən sonra gələn nəsillərə zəngin elmi irs qoymuşdur. 60 ildən çox davam edən elmi yaradıcılıq fəaliyyətində 800-ə qədər elmi məqalənin, monoqrafiyanın, 140-a qədər müxtəlif təyinatlı xəritələrin, xeyli sayda elmi-kütləvi əsərlərin müəllifi olan, dünyanın onlarla ölkəsini gəzmiş Həsən Əliyev yazırdı: "Öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımıram. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəzolunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Qaş kirpiyi, kirpik isə gözü qoruduğu kimi, bizim hər birimiz Allahın bizə bəxş etdiyi bu neməti göz bəbəyimiztək qorumalıyıq, onun keşiyində durmalıyıq, qayğısını çəkməliyik... Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim "çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidasını təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq Vətən deməkdir”.

Akademik Həsən Əliyevin Vətən sevgisinin, torpaq təəssübünün, təbiətə vurğunluğunun dəfələrlə şahidi olmuşam. Yüzlərlə vətənpərvər elm adamının yetişməsində akademik Həsən Əliyevin mühüm xidmətləri vardır. Onunla həm doğulduğu Comərdli kəndində, həm də Naxçıvandakı görüşlərimizdə vətənimiz üçün canını belə verməyə hazır olan qiymətli bir ziyalı obrazı görmüşəm.

Akademik Həsən Əliyevin ölkəmizin təbiətinin, ekoloji mühitinin qorunması naminə apardığı mübarizənin dəfələrlə şahidi olmuşam. Onlardan biri barədə oxucularımıza məlumat vermək yerinə düşərdi. Ötən əsrin 60-cı illərində Naxçıvanın Nehrəm kəndi yaxınlığında "Kaustik soda” kombinatının tikilməsi nəzərdə tutulmuşdu. Kombinatın layihəsi SSRİ Nazirlər Soveti tərəfindən təsdiq olunmuşdu. Kombinatın tikintisinə başlamaq ərəfəsində Həsən müəllim bu layihədən xəbər tutdu və dərhal dövlət səviyyəsində öz sözünü dedi. O, rəsmi şəxslərdən əgər kombinat inşa olunarsa, onun tüstüsünün hara gedəcəyini soruşdu. Geologiyada Naxçıvan muldasının (təknəvari çökəklik) mürəkkəbliyi, burada hakim küləklərin istiqaməti xüsusi olaraq vurğulanır. Həsən müəllim kombinatın Naxçıvan çökəkliyinə mənfi təsirini, tullantı sularının Araz çayına axması nəticəsində ətraf mühitdə baş verə biləcək fəsadları əsas gətirərək problemin həllinin cavabını tələb etdi. Beləliklə, Həsən müəllimin mübariz xarakteri, iradəsi və nəhayət, inadı hesabına Naxçıvanın ekoloji vəziyyəti təhlükədən xilas oldu.

Bir vaxtlar akademik Həsən Əliyevin çalışdığı AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutuna rəhbərlik etmək bu gün bizim üçün nə qədər qürurverici olsa da, bir o qədər də məsuliyyətlidir.

Sanki hər elmi şurada, elmi müzakirələrdə Həsən müəllimin ruhunun yanımızda olduğunu hiss edirik. Gözəl bir el məsəli var: "İnsan yad edildikcə yaşar, unudulduqda isə ölərmiş”. Akademik Həsən Əliyev həmişəyaşar alimdir.

Əlövsət QULİYEV, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 16 dekabr 2019-cu il

  • Paylaş: