Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2019 15:18
  • A-
  • A
  • A+

AMEA-da Nəsiminin 650 illik yubileyi münasibətilə “Məndə sığar iki cahan” adlı tədbir keçirilib

AMEA-da Nəsiminin 650 illik yubileyi münasibətilə “Məndə sığar iki cahan” adlı tədbir keçirilib

Dekabrın 17-də AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Məndə sığar iki cahan” adlı tədbir keçirilib. 

Tədbir Coğrafiya və Fəlsəfə institutlarının Qadınlar şuralarının birgə təşkilatçılığı ilə baş tutub.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan olunub. Bununla bağlı Azərbaycanda, o cümlədən xaricdə müxtəlif tədbirlər həyata keçirilir, şairin kitabları nəşr olunur, mətbuatda Nəsimi yaradıcılığı geniş təbliğ edilir.

“Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır” – deyə bildirən M.Həsənov ədibin yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərdiyini qeyd edib.

M.Həsənov xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Tədbirdə Coğrafiya İnstitutunun Qadınlar şurasının sədri Luiza Salayeva, həmin institutun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev, Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov və  aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.

Sonda şairin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: