Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bakı Dövlət Universitetində görkəmli alim Şirməmməd Hüseynovun barelyefi açılıb
17.12.2019 15:03
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetində görkəmli alim Şirməmməd Hüseynovun barelyefi açılıb

Dekabrın 17-də Bakı Dövlət Universitetinin (BDU) professoru, yorulmaz mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətilə universitetin Mətbuat tarixi kafedrasının qarşısında görkəmli alimin barelyefinin açılışı olub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Bildirib ki, alimin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. O, Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış Şirməmməd Hüseynovun elmi kadrların yetişdirilməsində böyük əməyi olub. Bu gün onun tələbələri BDU-da, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Daha sonra alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. O, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə Milli Məclisin deputatları Əflatun Amaşov, Cavanşir Feyziyev, professorlar Cahangir Məmmədli, Solmaz Rüstəmova-Tohidi, “Real” televiziyasının rəhbəri Mirşahin Ağayev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: