Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Məhsəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib
18.12.2019 09:11
  • A-
  • A
  • A+

“Məhsəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə milli kordinatorlar tərəfindən müsabiqə təşkil olunub, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən 3 ən çox səs toplamış təklif dəyərləndirilməsi üçün BAİ-yə təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780 min həvəskar və peşəkar astronom iştirak edib.

“BAİ100 Ekzoplanetləri adlandırın” qlobal müsabiqəsinin iştirakçıları arasında Azərbaycan da yer alır. Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə təşkil olunan müsabiqə böyük marağa səbəb olub. Tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adlarla bağlı təklif qeydə alınıb. Qeydə alınan təkliflər dəyərləndirilib və 10 təklif seçilərək səsverməyə çıxarılıb. İctimai səsvermədə ən çox səs toplamış 3 təklif Beynəlxalq Astronomiya İttifaqına təqdim olunub.

Beynəlxalq Astronomiya İttifaqı müsabiqə nəticələrini dəyərləndirərək, qaliblərin adını açıqlayıb. Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən “Məhsəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, qalib gələn adlar mövcud elmi nomenklatura ilə paralel istifadə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: