Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Vaqif Fərzəliyevin 80 yaşı tamam olur
18.12.2019 12:33
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyevin 80 yaşı tamam olur

Dekabrın 19-da görkəmli kimyaçı alim, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin 80 yaşı tamam olur.

Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub, 1963-cü ildə təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib.

Alim 1967-1987-ci illərdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdirinin müavini və rəhbəri, o cümlədən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Eyni zamanda, 1973-1974-cü illərdə SSRİ Elmlər Akademiyasının sürtkü yağları və aşqarlar sahəsində məsləhətçisi kimi İraq Neft İnstitutunda işləyib. Burada çalışdığı müddətdə sürtkü yağları və aşqarların yaradılmasının nəzəri və tətbiqi cəhətləri üzrə mühazirələr oxuyub, müxtəlif funksional təsirli aşqarların sintezi üzrə elmi tədqiqatların təşkili, sürtkü kompozisiyalarının işlənib hazırlanması ilə məşğul olub. O, 1979-1980-ci illərdə UNESCO-nun məsləhətçisi kimi Hindistanın Neft İnstitutunda çalışıb. 1988-ci ildən indiyə kimi isə Aşqarlar Kimyası İnstitutunun direktoru vəzifəsində işləyir. Alim, eyni zamanda, Kimya Elmləri Bölməsinin akademik-katibidir.

V.Fərzəliyev 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik, 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1987-ci ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Kimyaçı alimin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin, həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır. V.Fərzəliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən son illərdə səmərəli aşqarlar, müxtəlif motor, transmissiya, hidravlik və konservasiya yağları, yağlayıcı-soyuducu və digər xüsusi mayelər yaradılıb və sənayedə tətbiq olunub.

Akademik V.Fərzəliyev 650-dən artıq elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patentin, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin 300-ə yaxını xaricdə çap olunub, 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr edilib. 

V.Fərzəliyev, həmçinin pedaqoji fəaliyyətlə də məşğuldur. O, 1987-ci ildən indiyədək Bakı Dövlət Universitetində dərs deyir. Yüksəkixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verən alimin rəhbərliyi ilə 4 elmlər və 18 fəlsəfə doktoru hazırlanıb.

Alimin elmi tədqiqatlarının nəticələri və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. O, "V.İ. Leninin 100-illik yubileyi", "Əmək şərəfinə görə", "Əmək veteranı", o cümlədən “Akademik N.M.Emmanuelin xatirəsi” və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və bürünc medallarına layiq görülüb. Bundan başqa, o, "Şöhrət" ordeni, “Əməkdar elm xadimi” fəxri adı, “Kraliça Viktoriya adına ekskuliziv Britaniya mükafatı”, Avropa Birliyinin Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomu, AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, eləcə də AMEA-nın Fəxri fərmanları ilə təltif olunub.

Görkəmli kimyaçı alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: