www.science.az
19.12.2019 16:11

Elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsinə həsr olunan konfrans işə başlayıb

Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi və müasir cəmiyyətin inkişafında rolu" mövzusunda III respublika elmi-nəzəri konfransı öz işinə başlayıb.

Tədbiri rektor Ceyran Mahmudova açaraq bildirib ki, konfransın məqsədi Azərbaycanda elm, mədəniyyət və incəsənət sahələri arasında əlaqələrin genişləndirilməsi, mədəni irsin qorunub saxlanılması, sənətşünaslıq elminin muzey işinin təşkilindəki rolunun araşdırılması, həmçinin kulturologiya, muzeyşünaslıq, bərpaçılıq və arxeologiyanın aktual problemlərinə diqqətin artırılmasıdır.

Sonra çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov vurğulayıb ki, ADMİU-da yüksək səviyyədə elm və təhsil əlaqələri modeli qurulub və bu iş öz bəhrələrini verməkdədir. O, keçirilən konfransın universitetin daxilində elmi potensialın, elm və təhsil əlaqələrinin inkişafına, həmçinin müvafiq sahələr üzrə respublikanın aparıcı mütəxəssislərinin bir araya gətirilməsinə zəmin yaratdığını deyib. 

Daha sonra akademik R.Hüseynov “Azərbaycan miniatürlərinin xətt, şeir, musiqi, naqqaşlıq və memarlıq sənətlərini qovuşduraraq yaratdığı gözəllik və yaşatdığı tarix” mövzusunda məruzəsini təqdim edib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, s.ü.e.d. Kübra Əliyeva çıxış ediblər.

Qeyd edək ki, konfrans öz işini dekabrın 20-də başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.