www.science.az
26.12.2019 10:19

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və AMEA ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planının hazırlanması tapşırılıb. Bugünkü tədbir də həmin tədbirlər planına əsasən keçirilir.

Nazir vurğulayıb ki, Mirzə Cəlil Azərbaycan ədəbiyyatı və ictimai fikir tariximizdə böyük iz qoyub, ana dilimizin qorunmasında və inkişafında, Azərbaycan xalqının oyanışında böyük xidmətlər göstərib, həmçinin yalançı din təbliğatçılarına, xurafata və cəhalətə qarşı mübarizə aparıb. 

Daha sonra çıxış edən Xalq yazıçısı Anar Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından bəhs edib, yazıçının ölməz əsərləri ilə bağlı fikirlərini bölüşüb. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.

Qeyd edib ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına güclü təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Sonda Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.