www.science.az
08.01.2020 09:10

Elmə həsr olunmuş ömür

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Seolit Assosiasiyasının, Amerika Kimya Cəmiyyətinin, Rusiya Təbiətşünaslıq Akademiyasının və Avropa Mütərəqqi Materiallar Assosiasiyasının üzvü, SSRİ Lenin komsomolu mükafatı laureatı, Əməkdar müəllim, kimya elmləri doktoru, akademik... Bu yüksək adlar, titullar ömrünü elmə, gənc nəslin biliklərə yiyələnməsinə, vətənə, millətə, dövlətə sevgi ruhunda yetişməsinə həsr etmiş Dilqəm Tağıyevin istedadının, bacarığının, zəhmətsevərliyinin bəhrəsidir.

Azərbaycan kimya elminin zəngin ənənələri və nailiyyətləri ilk növbədə bu sahədə elmi məktəblərin yaradıcıları olan akademiklər Yusif Məmmədəliyevin, Murtuza Nağıyevin, Əli Quliyevin, Vahab Əliyevin, Həbib Şahtaxtinskinin, Sultan Mehdiyevin və başqalarının adı ilə bağlıdır. Bu görkəmli alimlər Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayaraq kimya elminə böyük töhfələr vermişlər.

Ötən əsrin 90-cı illərindən Azərbaycan elmi ardıcıl olaraq tənəzzül, şaşqınlıq, bərpa illərini arxada qoyaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və dəstəyi sayəsində inkişaf mərhələsinə keçmişdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar elmin digər sahələri kimi, kimya elminin də yeni, perspektiv istiqamətlər üzrə inkişafına təkan vermiş və bir sıra nailiyyətlərin əldə edilməsinə imkan yaratmışdır. Bu uğurlarda 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik katibi vəzifəsində çalışmış, 2016-cı ildən AMEA-nın vitse-prezidenti, 2014-cü ildən akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin də xüsusi yeri var.

Dilqəm Bəbir oğlu Tağıyev 1950-ci il yanvarın 6-da Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur. 1956-cı ildə Oğuz rayonunun Xaçmaz kənd məktəbində təhsil almağa başlamışdır. 1958-ci ildə ailəsi ilə Ağdama köçdükdən sonra həm də uşaq və orta musiqi məktəblərində oxumuşdur. Əmək fəaliyyətinə 1964-cü ildə musiqi müəllimi kimi başlasa da, kimya və fizika fənlərinə xüsusi marağı, dəfələrlə iştirak etdiyi fənn olimpiadalarında uğurları onu bu sahəyə istiqamətləndirmişdir. 1966-cı ildə orta məktəbi bitirən Dilqəm Tağıyev əla qiymətlərlə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin gündüz şöbəsinə qəbul olunmuşdur.

İstedadı, zəhmətsevərliyi və erudisiyası ilə fərqlənən, dərs əlaçısı olan gənc tələbə birinci kursdan elmi işlərə böyük həvəs göstərmişdir. "Azərbaycan mineral sularının hidrokimyəvi xarakteristikası” adlı ilk elmi işini uğurla yerinə yetirmişdir. 1967-ci ildə "Zaqafqaziya baharı” tələbə konfransında məruzəsinə görə fəxri fərmanla təltif edilmişdir.

Gənc tələbə ilk uğurundan daha da ruhlanmış, ikinci kursda skandiumin analitik təyini üzrə təcrübi tədqiqatlarla məşğul olmağa başlamışdır. Aspirantların otağında çalışmasına icazə vermiş Analitik kimya kafedrasının müdiri, professor Murtuza Əhmədlinin, xüsusən də elmi rəhbəri, dosent Dəmir Qənbərovun qayğısı ilə Dilqəm Tağıyev diplom işi səviyyəsində olan tədqiqatını müvəffəqiyyətlə başa çatdırmışdır. Bu tədqiqatların nəticələri 1969 və 1970-ci illərdə Tartu (Estoniya) və Novosibirsk universitetlərində keçirilən tələbə elmi konfranslarında məruzə edilmiş və Novosibirsk Dövlət Universitetinin III dərəcəli diplomuna layiq görülmüşdür.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbə elmi cəmiyyətinin sədri və universitet komsomol komitəsinin büro üzvü seçilmişdir. Elmi nəticələri 1971-ci ildə Novosibirsk və Tbilisi universitetlərində tələbə və aspirantların konfransında məruzə edilmiş və Azərbaycan Dövlət Universitetinin gənc alimlər konfransında I dərəcəli diploma layiq görülmüşdür.

1971-ci ildə fərqlənmə diplomu ilə başa vurduğu ali məktəbdə təyinatla baş laborant işləməyə başlamışdır. Universitetin rektoru, akademik Faiq Bağırzadə eyni zamanda universitet komsomol komitəsinin katibi vəzifəsində çalışmağı təklif etmişdir. Dilqəm Tağıyev isə aspirantura təhsili üçün Moskvaya getməyi qərara almışdır. O, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ilin dekabrında Moskvaya, SSRİ Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərilmişdir. İxtisas imtahanında yüksək bilik nümayiş etdirdiyinə görə akademik H.M.Minaçev gənc aspiranta rəhbərliyi öz üzərinə götürmüşdür. Onun laboratoriyasında katalizdə qabaqcıl və ümidverici sahə hesab edilən kristallik alumosilikatlar (seolitlər) sahəsində tədqiqatlar yenicə başlanırdı. Dilqəm Tağıyevin tədqiqatları müşahidə edilən yeni effekt-tərkibində keçid elementləri saxlamayan seolitlərin hidrogenləşmə reaksiyasını aparmaq qabiliyyətinin aşkarlanması, tədqiqatların istiqamətini dəyişməyə və bir sıra gözlənilməz, maraqlı nəticələr almağa imkan verdi. 1974-cü ildə Üzvi Kimya İnstitutunda "Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsində 3-cü mükafata layiq görülməsi bu tədqiqatlara verilən yüksək qiymət idi.

Dilqəm Tağıyev 1975-ci il yanvarın 7-də N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun Elmi Şurasının iclasında namizədlik dissertasiyasını müdafiə etmişdir.

Bakıya qayıdandan sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda əvvəlcə mühəndis, sonra kiçik elmi işçi işləyən Dilqəm Tağıyev seolit katalizi sahəsində tədqiqatları davam etdirmişdir. 1978-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir. Bu sahədə tədqiqatların intensivliyi, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrin, beynəlxalq simpoziumlarda və ümumittifaq konfranslarda məruzələrin sayı getdikcə artmağa başlamışdır. 1978-1981-ci illərdə Kataliz üzrə Sovet-Amerika simpoziumlarında (Bakı), V Sovet-Yapon seminarında (Daşkənd), Neft kimyası üzrə sosialist ölkələrinin I və II simpoziumlarında (Bakı və Leypsiq, ADR), Heterogen kataliz üzrə IV Beynəlxalq simpoziumda (Varna, Bolqarıstan), XII Mendeleyev qurultayında (Bakı) edilən məruzələr, 1982-ci ildə kimya sahəsində ən nüfuzlu jurnallardan biri olan "Uspexi ximii” jurnalında seolitlər üzərində oksidləşdirici kataliz mövzusunda nəşr olunan icmal xarakterli yazı, bu sahədə ilk ümumiləşdirilmiş məqalə kimi Dilqəm Tağıyev tərəfindən yeni elmi istiqamətin formalaşmasından xəbər verirdi.

O, 1982-ci ilin ortalarında Moskvaya, N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna bir il müddətinə ezam edilmişdi. Akademik H.M.Minaçevin laboratoriyasında termiki desorbsiya, izotop mübadiləsi, rentgen fotoelektron spektroskopiyası sahəsində apardığı tədqiqatlar yeni formalaşdırdığı elmi istiqamətin daha da inkişaf etdirilməsində, elmi nəticələrlə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Elmi uğurlarını nəzərə alan SSRİ EA-nın Neft kimyası üzrə Elmi Şurası 1982-ci ildə Çexoslovakiyanın Marianske Lazne şəhərində keçirilən Neft kimyası üzrə sosialist ölkələrinin III Simpoziumunda iştirak edən elmi turizm qrupunun rəhbəri kimi Dilqəm Tağıyevi təsdiq etmişdi. Simpoziumda onun məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi.

Dilqəm Tağıyev tərəfindən seolit katalizatorlarından istifadə olunmaqla tsikloolefinlərin yeni sintez üsulunun təklif edilməsi bir çox elmi və sahə müəssisələrinin diqqətini çəkmişdi. Kaprolaktam istehsalının alternativ variantının yaradılması ilə məşğul olan Moskvadakı Dövlət Azot Sənayesi İnstitutu və SSRİ EA-nın Neft-Kimya Sintezi İnstitutu ilə aparılan birgə tədqiqatların məqsədi iri tonnajlı məhsul olan kaprolaktamin istehsalı üçün yeni texnoloji sxem hazırlamaq idi. Çoxpilləli prosesin birinci mərhələsi Dilqəm Tağıyevin tədqiqatları ilə əlaqədar idi. Həmin mərhələ üçün onun təklif etdiyi katalizator pilot qurğusunda müsbət nəticə ilə sınaqdan keçirilmişdi.

İritonnajlı digər sənaye prosesi olan stirol istehsalını intensivləşdirmək məqsədilə Dilqəm Tağıyevin təklif etdiyi katalizator Sumqayıt Sintez Kauçuk Zavodunda uğurla sınaqdan çıxmışdı. Bu işlər prioritet xarakterli fundamental tədqiqatların praktiki əhəmiyyət kəsb edən proseslərə tətbiqi baxımından maraqla qarşılanmışdır.

Seolitlər üzərində oksidləşdirici və hidrogenləşdirici kataliz sahəsində aparılan geniş tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr ciddi rəqabətə baxmayaraq bir çox aparıcı elmi mərkəzlərin rəyindən sonra 1983-cü ildə SSRİ Lenin komsomolu mükafatına layiq görülmüşdür. Dilqəm Tağıyev kimya və kimya texnologiyası sahəsində bu mükafata layiq görülən yeganə azərbaycanlı alim olmuşdur. Həmin il Varnada düzənlənən Heterogen kataliz üzrə V Beynəlxalq simpoziumda onun tədqiqatlarının təqdimatı böyük maraq doğurmuşdur.

1984-cü il aprelin 12-də gənc alim SSRİ EA-nın Üzvi Kimya İnstitutunda Dissertasiya Şurasının qapalı iclasında dissertasiya müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdü. Onun dissertasiya işini kataliz sahəsində məşhur alimlər A.M.Rubinşteyn, A.Y.Rozovski, K.V.Topçiyeva, O.V.Krılov, V.B.Kazanski, B.K.Nefedov və başqaları yüksək qiymətləndirmişdilər.

O, otuz altı yaşında Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq olunmuşdu, "Əməkdə fərqləndiyinə görə” medalı ilə mükafatlandırılmış və "Metal-kompleks kataliz” laboratoriyasının müdiri seçilmişdir. 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan Dilqəm Tağıyev Azərbaycan Neft və Kimya İnstitutunda və onun Sumqayıt filialında mühazirələr oxumuşdur.

SSRİ EA Rəyasət Heyətinin 1987-ci ilin oktyabrında keçirilən yubiley iclasında seolitlər üzərində oksidləşdirici diehidrogenləşmə sahəsində aparılan tədqiqatlar kataliz sahəsində mühüm elmi nəticə kimi qeyd olunmuşdur. Kataliz sahəsində elmi uğurları nəzərə alınaraq azərbaycanlı alim SSRİ EA-nın Kataliz üzrə Elmi Şurasının tərkibinə daxil edilmişdir.

Onun "Kristallik alümosilikatlar katalizdə” monoqrafiyası 1989-cu ildə işıq üzü görmüşdür. Yeni təşkil olunan SEOLİT sahələrarası elmi-texniki kompleksinin baş direktoru təyin edilmişdir. Həmin il bir qrup gənc elmlər doktorlarının təşəbbüsü ilə təsis olunan Azərbaycan Alimlər İttifaqının sədr müavini seçilmişdir. 1990-cı ildə SSRİ EA-nın nümayəndə heyətinin tərkibində Almaniyada, 1991-ci ildə Bolqarıstanda elmi ezamiyyətdə olmuş və Heterogen kataliz üzrə VI Beynəlxalq konfransda məruzə ilə çıxış etmışdir. 1992-ci ildə "Heterogen kataliz neft kimyasında” monoqrafiyası çapdan çıxmışdır.

Yüksək səviyyəli mühazirəçi kimi tanınan Dilqəm Tağıyevi əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunun Fiziki və kolloid kimya kafedrasının professoru, 1991-ci ildə isə Azərbaycan Tibb Universitetinin Ümumi kimya kafedrasının professoru seçsələr də, o, eyni zamanda, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Tibb Universitetində 1993-cü ildə Əczaçılıq fakültəsinin dekanı, 1995-ci ildə isə Ümumi və bioüzvi kimya kafedrasının müdiri seçilmişdi.

1999-cu ildə Azərbaycan EA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmovun dəvəti ilə kataliz profilli üç laboratoriyanın birləşməsindən yaranan "Heterogen kataliz” laboratoriyasına əvəzçiliklə müdir təyin edilmişdi. Həmin vaxtdan onun elmi tədqiqatları daha geniş vüsət almağa başlamış, izomerləşmə, alkilləşmə və oliqomerləşmə prosesləri üçün yeni katalitik sistemlərin yaradılması sahəsində aparılan tədqiqatlarda mühüm elmi nəticələr əldə edilmişdi. 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Dilqəm Tağıyev 1994-cü ildə Nyu York EA-nın, 2001-ci ildə isə Beynəlxalq Seolit Assosiasiyasının üzvü seçilmiş və Fransanın Monpelye şəhərində keçirilən 13-cü Beynəlxalq Seolit konfransına dəvət almışdır. Möhtəşəm tədbirdə nümayəndə qismində iştirakı gələcək əməkdaşlıq üçün zəmin yaratmışdır.

Elmi nailiyyətləri nəzərə alınaraq 2007-ci ildə o, neft-kimya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. Dilqəm Tağıyevin elmi yaradıcılığına və elmi-təşkilati fəaliyyətinə müxtəlif vaxtlarda Rusiya EA-nın həqiqi üzvləri H.M.Minaçev, B.M.Qryaznov, V.B.Kazanski, A.E.Şilov, B.N.Parmon, V.V.Lunin, S.N.Xadjiyev, eləcə də Belorusiya, Ukrayna, Gürcüstan MEA-nın akademikləri yüksək qiymət vermişdirlər.

2010-cu ildə kataliz və neft kimyası sahəsində elmi fəaliyyəti nəzərə alınaraq Dilqəm Tağıyev AMEA-nın "Kataliz” üzrə Problem Şurasının sədri təsdiq edilmişdir. Alim kataliz istiqamətində perspektiv tədqiqatlar üzrə yeni proqram hazırlamışdır. Həmin il "Tərəqqi” medalı və AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur. 2012-ci ildə Beynəlxalq Sokrat Komissiyasının (Oksford, Böyük Britaniya) təklifi ilə "The Name in Science” mükafatına və fəxri tituluna layiq görülmüşdür.

O, 2013-cü ildə AMEA-nın ümumi yığıncağında Kimya Elmləri Bölməsinin akademik katibi və Rəyasət Heyətinin üzvü vəzifələrini icra etmişdir. Həmin il Rusiya Təbiətşünaslıq Akademiyasının üzvü seçilmiş və Avropa elm-sənaye konsorsiumunun mükafatlar üzrə komissiyasının qərarı ilə "Əmək və biliklə” ordeninə layiq görülmüşdür.

2014-cü ildə akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü seçilmiş, "Azərbaycan kimya jurnalı”nın baş redaktoru və "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə Dövlət Komissiyasının üzvü təsdiq edilmişdir.

O, institut direktoru olduğu ilk vaxtlardan geniş islahatlara başlamış, İnstitutun strukturu, prioritet istiqamətləri, elmi mövzuları dövrün tələblərinə uyğun təşkil olunmuşdur. 2014-2019-cu illərdə institutun bütün elmi göstəricilərində nəzərəçarpacaq yüksəliş müşahidə olunmuş, 36 mühüm elmi nəticə AMEA-nın hesabatlarına daxil edilmiş, 310-u Web of Science bazasına daxil olmaqla 750 məqalə xaricdə çap edilmiş, 40 monoqrafiya, kitab və dərslik işıq üzü görmüş, 8-i beynəlxalq statuslu olmaqla 37 qrant alınmış, elmi əsərlərə istinadların sayı 3000-i keçmişdir. "Azərbaycan kimya jurnalı”nın redaksiya heyətinin tərkibi dəyişdirilmiş, redaksiya şurasına tanınmış xarici alimlər cəlb edilmiş, jurnalın formatı beynəlxalq jurnalların tələblərinə uyğun olaraq dəyişdirilmiş və məqalələrin hamısının ingilis dilində təqdim və çapı təmin edilmişdir. İnstitutda nəşr edilən digər jurnal - "Kimya Problemləri” jurnalı Clarivate Analytics bazasına daxil edilən AMEA üzrə 4 elmi jurnaldan biri olmuşdur.

İlk dəfə rus dilində "Azərbaycan kimya elminin korifeyləri” və institutun yubileyinə həsr olunmuş "Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - 80” kitabları Dilqəm Tağıyevin təşəbbüsü və baş redaktorluğu ilə işıq üzü görmüşdür. Azərbaycanın görkəmli alimləri Murtuza Nağıyevin, Heydər Əfəndiyevin və Xudu Məmmədovun yubileyləri təntənə ilə qeyd edilmişdir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində İspaniya, Almaniya və Böyük Britaniya elmi mərkəzləri və universitetləri ilə müştərək iki Beynəlxalq laboratoriya təşkil olunmuşdur. İtaliya elm günü ilə bağlı Azərbaycan-İtaliya kimya seminarı, ondan bir il sonra innovativ polimerlər üzrə Azərbaycan-İtaliya elmi seminarı keçirilmişdir.

Akademik Dilqəm Tağıyev 750-dən çox elmi əsərin, həmçinin xaricdə çap olunan 470 məqalə və tezisin, 60 müəlliflik şəhadətnaməsi və patentin, 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifidir. 5 kimya elmləri doktoru və 13 fəlsəfə doktoru yetişdirmişdir. Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə bir neçə doktorant hazırda dissertasiya üzərində çalışır. O, dəfələrlə Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Şotlandiya, Bolqarıstan, İsrail, Çexiya, İsveç, Sloveniya, Türkiyə, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak etmişdir.

AMEA Kimya Elmləri Bölməsinin elmi fəaliyyətinin gücləndirilməsi üçün akademik Dilqəm Tağıyev bölmənin akademik-katibi və AMEA-nın Rəyasət Heyətinin üzvü kimi mühüm işlər görmüş, bölmə institutlarının yeni prioritet istiqamətlər üzrə fəaliyyəti naminə ciddi səylər göstərmişdir.

AMEA-nın fəaliyyətini cəmiyyət qarşısında işıqlandırmaq və təbliğ etmək məqsədilə Dilqəm Tağıyev dəfələrlə "Elm və innovasiya”, "Media və zaman”, "Geriyə baxanda” və "Səhər” verilişlərinin qonağı olmuş, mətbuatda məqalələr dərc etdirmişdir. Bir çox nüfuzlu konqreslər və konfranslara dəvət almış, onların bəzilərinin təşkilat komitəsinin üzvü olmuşdur. 2016-cı ildə Respublika Elmi Əlaqələndirmə Şurasının üzvü və AMEA Rəyasət Heyətinin nəzdində "Yalançı elmə qarşı mübarizə” komissiyasının sədri təyin olunmuşdur.

Akademik Dilqəm Tağıyev 2016-cı ilin dekabrında AMEA-nın vitse-prezidenti vəzifəsinə təyin olunmuş və akademik katib vəzifəsi də ona həvalə edilməklə 2017-ci ilin iyununda AMEA-nın ümumi yığıncağında vitse-prezident seçilmişdi.

UNESCO-nun Baş konfransında elm komissiyalarının işində fəal iştirak edərək komissiyaların sədrləri Kristof Vanden-berq və Patrik Mc Kiver ilə Azərbaycanda qlobal geoparkların yaradılması istiqamətində müzakirələr aparmış, lazımi materialları komissiyaya təqdim etmiş və ilkin razılaşmaya nail olmuşdur.

Dilqəm Tağıyev Avropa Birliyinin keçirdiyi Horizon-2020 Beynəlxalq qrant müsabiqəsində Belçikanın Gent Universitetinin professoru Joris Tibotun təklifi əsasında beynəlxalq qrupun tərkibinə qoşulmuşdur. Onun namizədliyini, J.Tibot məktubunda yazdığı kimi, Lionun (Fransa) "Kataliz və Ekoloji Tədqiqatlar İnstitutu” və Norveçin SİNTEF şirkətləri tövsiyə etmişdir. İki mərhələdə həyata keçirilən qrant müsabiqəsində Avropanın 7 dövlətinin 11 elmi qurumu daxil olan beynəlxalq qrup, eləcə də partnyor təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyası və onun koordinatoru Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyev nüfuzlu beynəlxalq ekspert komissiyasının qərarı ilə qrant müsabiqəsinin qalibi olmuşdur.

Elm yolunda çəkilən zəhmət nura dönür, neçələri bu işıqdan istiqamət alaraq gələcəyə üz tutur. Ömrünün böyük hissəsini elmi tədqiqatlara və pedaqoji fəaliyyətə həsr edən, Azərbaycan kimya elminin inkişafı yolunda yorulmadan çalışan akademik Dilqəm Tağıyev də belə, çoxları üçün örnək olan, yol göstərən şəxsiyyətlərdən biridir. Onu şərəfli yubiley yaşı münasibəti ilə təbrik edirik və dəyərli alimə kimya elminin gələcəyi üçün yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vaqif FƏRZƏLİYEV, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik

"Azərbaycan" qəzeti, 8 yanvar 2020-ci il