Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İsa Həbibbəylinin “Ədəbiyyat, zaman və müasirlik” kitabı Moskvada nəşr olunub
09.01.2020 11:50
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəylinin “Ədəbiyyat, zaman və müasirlik” kitabı Moskvada nəşr olunub

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyat, zaman və müasirlik” adlı kitabı Moskvadakı “Xudojestvennaya literatura” nəşriyyatında nəşr olunub.

“Ədəbiyyat və zaman” adlı giriş məqaləsi ilə açılan kitabın “Ədəbiyyat nəzəriyyəsi” bölməsində Azərbaycan ədəbiyyatındakı ədəbi cərəyanların tarixi təkamül prosesləri, estetikası və poetikasından, habelə əsas yaradıcılarının xidmətlərindən geniş bəhs olunub. Bu bölmədə, eyni zamanda, ədəbi növlərin və janrların təsnifatı məsələsinə yenidən baxılıb, satiradan ədəbi növlərdən biri kimi söhbət açılıb.

Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş portret-oçerklər akademik İsa Həbibbəylinin müəllifi olduğu dövrləşdirmə konsepsiyası əsasında və xronoloji qaydada təqdim edilib. Kitabda intibah dövrü Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi, orta əsrlər İmadəddin Nəsimi, erkən yeni dövr Molla Pənah Vaqif, tənqidi realizm epoxası Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov, romantizm Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı Səməd Vurğun kimi sənətkarlarla, müstəqillik mərhələsi isə Rəşad Məcidlə təmsil olunub.

Monoqrafik tədqiqatın “Folklorşünaslıq və mədəniyyət” bölməsində “Kitabi-Dədə Qorqud” dastanlarındakı Təpəgöz boyunun tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey abidələri təhlil edilib.

“Rusiya ictimai-ədəbi mühiti” bölməsində “Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı” oçerki yerləşdirilib, həmçinin Nobel mükafatı laureatı, məşhur fizik, akademik Jores Alfyorovla müsahibə oxuculara təqdim olunub.

“Dünya ədəbiyyatı” bölməsində Azərbaycan-Çin ədəbi-mədəni və elmi əlaqələrindən, “Oxşar ədəbi talelər” rubrikasında isə türk xalqları ədəbiyyatlarının dövrləşdirilməsindən, Azərbaycan-qazax və türkmən ədəbi əlaqələrindən bəhs edilib, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov “ədəbi mogikan” adlandırılıb.

Kitabda Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi və fəaliyyətinin ilk mərhələsinə, fizika və lirikanın qarşılıqlı əlaqələrinə, ədəbiyyatda multikultural dəyərlərin bədii ifadəsinə dair məqalələr “Elmin üfüqləri” bölməsində yer alıb.

“Ədəbiyyat, zaman və müasirlik” kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, məsul redaktoru isə Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin məsul katibi, filologiya elmləri doktoru Abuzər Bağırovdur.

Yeni nəşr Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinin, görkəmli yaradıcılarının, böyük ənənələrinin rusdilli məkanda elmi səviyyədə təbliği üçün zəngin mənbədir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: