Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 yaşı tamam olur
15.01.2020 09:50
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 yaşı tamam olur

Yanvarın 16-da tanınmış ədəbiyyatşünas alim, publisist, tənqidçi, pedaqoq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 yaşı tamam olur.

Mustafayev Tehran Əlişan oğlu 1960-cı il yanvar ayının 16-da Bakı şəhərində anadan olub. O, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. 1983-1989-cu illərdə orta məktəb müəllimi işləyib, 1985-1989-cu illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib, 1989-2006-cı illərdə isə həmin müəssisədə elmi işçi kimi fəaliyyət göstərib. Alim 1994-1996-cı illərdə Futurologiya İnstitutunda ali məktəb müəllimi işləyib. Eyni zamanda, 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini olub. 

O, 2015-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edir. 2001-ci ildən bugünədək Bakı Slavyan Universitetinin Filologiya fakültəsində ali məktəb müəllimi kimi çalışır. Tehran Mustafayev, həmçinin "Tənqid.net" jurnalının (2006) təsisçisi və baş redaktorudur.

Alimin tədqiqat obyekti əsasən XX əsr və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, onların elmi-nəzəri və tənqidi problemləri ilə bağlıdır. Onun tərəfindən XX əsr Azərbaycan nəsrinin tipologiyası və poetikası sistemli şəkildə araşdırılıb, ilk dəfə olaraq milli nəsr bütövlükdə - təşəkkülü, inkişaf tendensiyaları, üslub və təmayülləri ilə dünya ədəbiyyatı kontekstində təhlil edilib. Bundan əlavə, ədəbiyyatşünas alim tərəfindən müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü, inkişafı, müasir dünyaya inteqrasiya problemləri öyrənilib, təsnifat və səciyyəsi verilib. Müasir ədəbi-bədii prosesin funksional analizi və elmi dəyərləndirilməsi istiqamətində uğurlar qazanılıb. O, müasir Azərbaycan ədəbi tənqidinin formalaşması, üslub və təmayülləri istiqamətində də tədqiqatlar aparıb, elmi təsnifatını təqdim edib.

Tehran Mustafayev 1990-cı ildə "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)" mövzusunda namizədlik, 2005-ci ildə "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2015-ci ildə professor elmi adını alıb. O, 2017-ci ildə isə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Tənqidçi alim 1981-ci ildən mətbuatda ədəbi-tənqidi və publisistik məqalələrlə mütəmadi çıxış edir. 14 kitab və 200-dən artıq məqalənin müəllifi olan T.Mustafayev ali məktəblər üçün dərslik, dərs vəsaitləri və proqramların hazırlanmasında yaxından iştirak edir. Onun elmi rəhbərliyi altında bir fəlsəfə doktoru hazırlanıb.

Tanınmış ədəbiyyatşünas alimi 60 yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: