Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
16.01.2020 13:09
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. O, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını diqqətə çatdırıb. 

Direktor baş verən faciənin dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib: “Sovet quruluşunun mövcud olduğu bir vaxtda ulu öndər həyatını risk altında qoyaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş, xarici media qarşısında çıxış etmiş, imperiyanın düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir".

Qurban Yetirmişli Qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib.

Daha sonra mərkəzin baş direktorunun müavini Ramiz İsgəndərov və Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan filmin nümayişi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: