Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gələcəyin kimyası” kitabı çapdan çıxıb
05.02.2020 14:31
  • A-
  • A
  • A+

“Gələcəyin kimyası” kitabı çapdan çıxıb

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və bu elmi müəssisənin laboratoriya müdiri, professor Asif Məmmədovun həmmüəllifi olduqları “Gələcəyin kimyası” kitabı çapdan çıxıb.

Kimyanın yaxın gələcəkdə və daha uzaq dövr üçün perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş əsər Azərbaycan dilində ilk dəfə nəşr edilib. Kitabda kimyanın və kimya ilə bağlı fizika, biologiya elmlərinin yeni nailiyyətlərinə, o cümlədən son illərdə Nobel mükafatına layiq görülən tədqiqatlara əsaslanaraq kimyanın inkişafının strateji istiqamətləri əksini tapıb.

Nəşrdə kompozitlər, supramolekullar, molekulyar maşınlar, topoloji izolyatorlar, biosensorlar, litium ion batareyaları haqqında məlumat verilir. Bundan başqa, molekulyar və qeyri-molekulyar təbiətli birləşmələr, kimyəvi rabitələrin kvant təbiəti, çevrilmələrin femtozaman və nanoölçü miqyaslarında metadinamikasının mexanizmi izah edilir, kimyəvi maddələrin quruluşu və kimyəvi reaksiyalar estetik mövqedən təqdim edilir. 

Kitabın elmi rekdaktoru Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü  Məhəmməd Babanlıdır.

Yeni nəşr elmi işçilər, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub. Kitab elmi-populyar forma və məzmunda yazıldığından daha geniş oxucu kütləsi tərəfindən də istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: