www.science.az
10.02.2020 14:10

Səmərqənd Dövlət Universitetində “Türkologiya” jurnalının təqdimatı olub

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının təqdimatı keçirilib.

Tədbirdə universitetin Filologiya və Tarix fakültələrinin professor-müəllim heyəti, dissertantlar və tələbələr iştirak ediblər.

Əvvəlcə Filologiya fakültəsinin dekanı, professor Jeliboy Eltazarov çıxış edərək jurnalın tarixindən danışıb, belə bir nəşrin keçmiş SSRİ dövründə “Sovetskaya turkologiya” adı ilə yalnız Azərbaycanda çap edildiyini diqqətə çatdırıb. J.Eltazarov jurnalın bugünkü fəaliyyəti barədə də məlumat verərək, gələcəkdə bu mətbu orqanla əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.

Daha sonra jurnalın məsul katibi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxış edib. O, jurnalda türkologiya elminin tarixi, türk xalqlarının zəngin mədəni irsi, yazılı abidələri, mifologiyası, dil və ədəbiyyat problemləri, incəsənət nümunələri, fəlsəfi fikri ilə bağlı məqalələrin dərc olunduğunu bildirib. Alim humanitar elmlər sahəsində jurnalın türk dünyasında populyar olduğunu deyib.

Sonda Elçin İbrahimov doktorant və dissertantların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.