Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” kitabı yenidən işıq üzü görüb
12.02.2020 16:08
  • A-
  • A
  • A+

“Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” kitabı yenidən işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” adlı kitab yenidən nəşr olunub.

Məşhur azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, mətni transfoneliterasiya və tərtib edənlər filologiya üzrə fəlsəfə doktorları Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Mətnləri farscadan tərcümə edən, lüğəti və adlar göstəricisini hazırlayan Əkrəm Bağırovdur.

Vəsaitə ictimai-siyasi xadim Nəriman Nərimanovun yazdığı və 1900-cu ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” əsəri, Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan və 1903-cü ildə çapdan çıxan “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsəri və 1904-1906-cı illərdə işıq üzü görən “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabdan seçmələr daxildir.

İlk dəfə 1993-cü ildə çapdan çıxan və təkrar təqdim olunan nəşrdə ərəb-fars sözləri lüğəti daha da təkmilləşdirilib, həmçinin fotolar əlavə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: