Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2020 16:55
  • A-
  • A
  • A+

Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan tədbir keçirilib

Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan tədbir keçirilib

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) AMEA-nın Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 11 Fevral - Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, həmçinin akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının direktorları və Qadınlar şuralarının sədrləri iştirak ediblər.

İclası akademik Vaqif Abbasov açaraq BMT-nin 22 dekabr 2015-ci ildə qəbul etdiyi qətnamə ilə sözügedən əlamətdar günün təsis olunduğunu diqqətə çatdırıb. Akademik həmin günün qeyd edilməsində əsas məqsədin qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu bildirib.

Sonra NKPİ-nin Qadınlar Şurasının sədri, professor Leylufər Əliyeva müəssisədə çalışan qadınların elmi fəaliyyəti və qazandıqları nailiyyətlər haqqında məlumat verib. Bundan əlavə, AMEA QŞ-nin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Azərbaycanda elmin gender mənzərəsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin akademiklər İradə Hüseynova, Nailə Vəlixanlı və professor Elmira Süleymanova çıxış edərək qadınların elmdə, eləcə də AMEA-nın ictimai həyatındakı rolundan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: