Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə elmi əlaqələr genişləndirilir
12.02.2020 17:42
  • A-
  • A
  • A+

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə elmi əlaqələr genişləndirilir

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik bölməsinin rəhbəri, professor Yaçek Qayevski və Stokholm Universitetinin Kompüter və sistem elmləri kafedrasının professoru Oliver Popov ilə görüşüb. Görüşdə institutun şöbə müdirləri - texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev də iştirak ediblər.

Görüşdə akademik Rasim Əliquliyev ölkəmizin Avropanın qabaqcıl elmi tədqiqat müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrindən bəhs edib, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Alim ötən ay Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının Prezident İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

R.Əliquliyev rəhbərlik etdiyi institutda müasir dövrün çağırışlarına müvafiq olaraq İndustry 4.0 konsepsiyası və süni intellekt sahəsində mühüm nailiyyətlərin əldə olunması məqsədilə yeni elmi prioritetlərin müəyyən edildiyini qeyd edib.

Y.Qayevski ötən ilin yayında Bakıya səfəri zamanı İnformasiya Texnologiyaları İnstitutunda keçirdikləri görüşü xatırladaraq, bu qurumla olan elmi əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə elmi və elmi-innovativ sahələrdə, o cümlədən sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: