Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu gün Ümumdünya Antropologiya Günüdür
20.02.2020 09:00
  • A-
  • A
  • A+

Bu gün Ümumdünya Antropologiya Günüdür

Hər il fevral ayının üçüncü cümə axşamı bütün dünyada Ümumdünya Antropologiya Günü kimi qeyd olunur.

Amerika Antropologiya Assosiasiyası tərəfindən təsis olunan və bu il fevralın 20-nə təsadüf edən Ümumdünya Antropologiya Günü bəşəriyyətin tarixini, başqa sözlə, insanların sosial və bioloji xüsusiyyətlərini, onların dəyişilməsini öyrənən antropologiya elminə marağın artırılması məqsədi daşıyır.

Hazırda ABŞ, Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə antropologiya üzrə elmi müəssisələr, təşkilat və kurslar fəaliyyət göstərir, bu sahəyə dair tədris proqramları, monoqrafiyalar, elmi toplular hazırlanır.

Azərbaycanda antropologiya elmi müstəqillik dövründən sonra öyrənilməyə başlanıb. Bu gün ölkəmizdə antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə uyğunlaşması istiqamətində mühüm işlər görülür, bu sahədə prioritet mövzular, müasir nəzəriyyələr müəyyənləşdirilir, antropologiya elminin inkişaf konsepsiyası hazırlanır. Ölkə antropoloqlarının tədqiqatlarının əsas istiqamətini Azərbaycan xalqının tolerantlığının tarixi köklərinin araşdırılması, azərbaycanlıların sosial-mədəni birlik kimi formalaşması və onların oхşarlıqlarının aşkar edilməsi kimi məsələlər təşkil edir.

Antropologiya elminin inkişafı istiqamətində AMEA-da da mühüm işlər görülür. Belə ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Antropologiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə antropologiyanın çoxsaylı problemləri üzrə elmi-tədqiqatlar aparılır, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Həmçinin “antropologiya” ixtisası üzrə AMEA-da magistraturaya qəbul həyata keçirilir.

Bununla yanaşı, AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının “Arxeologiya, etnoqrafiya və antropologiya” ixtisasları üzrə elmi şurasının yaradılması da bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: