Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2020 17:17
  • A-
  • A
  • A+

Muzeydə “Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib

Muzeydə “Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib

Fevralın 24-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Xocalı soyqırımının dünya tarixində ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldığını bildirib.

“Xocalı faciəsi və erməni yalanları” mövzusunda məruzə ilə çıxış edən Rafael Hüseynov Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə məlumat verib. Vurğulayıb ki, tariximizin qan yaddaşına əbədi həkk olunan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq.

Alim bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib. Avropanın bir sıra ölkələrində bu kampaniya çərçivəsində keçirilən yürüş və mitinqlərdə həmin ölkələrin tanınmış simaları, şəxsiyyətləri iştirak edirlər. Onlar bu yürüş və mitinqlərdə iştirak etməklə Xocalı faciəsinin fəlsəfəsini, başvermə səbəblərini dərk edir, bunun bütövlükdə bəşəriyyətə qarşı cinayət olduğunu anlayırlar.

Rafael Hüseynov Xocalı soyqırımının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün daha təsirli filmlər çəkilməsinin vacibliyini qeyd edib.

Elmi sessiyada, həmçinin muzeyin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Xocalı: Yer üzünə qan çiləndi”, Elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri, professor Kamil Allahyarovun “Xocalıya aparan yol”, muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Xocalı soyqırımı - bəşəriyyətə qarşı törədilən cinayət” mövzusunda məruzələri dinlənilib.

Sonda muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: