www.science.az
27.02.2020 17:26

Azərbaycan-Fransız Universitetinin nümayəndələri Fizika İnstitutunda olublar

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov və həmin müəssisənin fizika müəllimi Robin Merin AMEA-nın Fizika İnstitutunu ziyarət ediblər.

İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüşdə qonaqlara müəssisədə kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası, yüksək enerjilər fizikası və energetikanın fiziki-texniki problemləri istiqamətində tədqiqatlar aparıldığı bildirilib. Alim, həmçinin qurumun beynəlxalq əlaqələrindən bəhs edib, gələcəkdə birgə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

V.Əsgərov isə öz növbəsində, UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradıldığını, universitetin 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərdiyini, 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirdiyini söyləyib.

Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorundakı müasir maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.