Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

02.03.2020 09:20
  • A-
  • A
  • A+

Azərbaycanın ilk riyaziyyatçı qadın alimi

Azərbaycanın ilk riyaziyyatçı qadın alimi

Maya Hüseynəli qızı Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb. 

O, 1914-cü ildə Şuşa şəhərində anadan olub. Əvvəlcə ibtidai sinfi, sonra realnı məktəbi bitirib. 1928-1931-ci illərdə Şuşa Pedaqoji Texnikumunda təhsil alıb.

Dəqiq elmlərə böyük maraq göstərən Maya Hacıyeva Bakıya gələrək keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Fizika–riyaziyyat fakültəsinə qəbul olub. O, ali məktəbdə öz bacarığı ilə seçilən tələbəyə çevrilib, 1935-ci ildə həmin institutu bitirib. İnstitut rəhbərliyi istedadlı gəncə qayğı göstərərək təhsilini davam etdirmək üçün onu Moskva şəhərinə göndərib. M.Hacıyeva 1935-1938-ci illərdə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Gənc Maya Azərbaycan Dövlət Universitetində (ADU) assistent kimi fəaliyyətə başlayıb. Eyni zamanda, o, keçmiş APİ-nin Nəzəri fizika kafedrasında (1939-1941), sonra isə keçmiş Azərbaycan Sənaye İnstitutunun (1943-1952) Ali riyaziyyat kafedrasında çalışıb.

İkinci Dünya müharibəsinin başlaması M.Hacıyevanın elmi axtarışlarında istiqamətlərini dəyişməsinə səbəb olub. O, 1941-1943-cü illərdə ADU-nun aspiranturasında oxuyub, “Helmhols tənliyi üçün sərhəd məsələsi” mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə yiyələnib. Beləliklə, Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb. Onun ilk monoqrafiyası 1945-ci ildə Azərbaycanın gənc alimlərinin müsabiqəsində ən yüksək mükafata layiq görülüb.    

1944-cü ildən BDU-nun Nəzəri mexanika kafedrasında dosent kimi fəaliyyət göstərən Maya xanım yarım əsrdən artıq bir ömrünü tədrisə, gənclərin mükəmməl təhsil almasına həsr edib. Alim işlədiyi dövrdə dövlət və ali məktəb rəhbərliyi tərəfindən müxtəlif mükafatlarla təltif edilib. 

Universitetlərdə, orta məktəblərdə, eləcə də digər elm və peşə sahələrində çalışan bir çox ziyalılar onu əvəzolunmaz şəxsiyyət, fədakar elm xadimi, qayğıkeş ana kimi xarakterizə edirlər.

1999-cu ildə Bakı Dövlət Universitetində Maya Hacıyevanın anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi qeyd olunub. Bir neçə ay sonra isə M.Hacıyeva dünyasını dəyişib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: