www.science.az
02.03.2020 17:29

Big data analitika sahəsində mühüm nəticə əldə olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları məqalə kompüter elmləri sahəsində nüfuzlu jurnal olan “Expert Systems with Applications”-da çap olunub.

“Çəkili konsensus klasterləşmə və onun Big dataya tətbiqi” adlı məqalədə təklif olunan çəkili konsensus klasterləşdirmə yanaşması optimallaşdırma məsələsi kimi modelləşdirilib.

Metodun effektivliyinin verilənlər çoxluğundan asılılığını öyrənmək üçün müxtəlif ölçülü verilənlər çoxluğu üzərində eksperimentlər aparılıb. Eksperimentin nəticələri göstərib ki, çəkili konsensus klasterləşdirmə metodu ansambla daxil olan metodlara nəzərən yüksək nəticə göstərir.

Məqalədə, həmçinin klasterləşmənin nəticəsinə təsir edən əsas amillərdən biri olan metrikanın seçilməsi məqsədilə Evklid, kosinus, kvadratik Evklid, Minkovski və Çebışev metrikalarından istifadə olunub. Eksperimentin nəticələri təsdiq edib ki, kvadratik Evklid məsafəsi digər metrikalara nisbətən həm klasterləşmənin keyfiyyəti, həm də nəticələrin stabilliyi baxımından daha yaxşı nəticə nümayiş etdirir. Təklif olunan metod böyük ölçülü verilənlərin analizi sahəsində geniş perspektivlərə malikdir.

Qeyd edək ki, impakt faktoru 4.292-yə bərabər olan “Expert Systems with Applications” jurnalı “Web of Science” və “Scopus” bazasında indeksləşir.

Tədqiqat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.