www.science.az
03.03.2020 09:48

Orta əsr Şəmkir şəhərinin keramikasına həsr edilən kitab çap olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyevin “Orta əsr Şəmkir şəhərinin keramikası” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada 2006-2019-cu illərdə Şəmkirdə aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan şirsiz saxsı məmulatı tədqiqata cəlb olunub, şəhər sakinlərinin məişəti ilə sıx bağlı olan bu tapıntılar sistemləşdirilib, onların tipoloji təsnifatı aparılıb. Bundan əlavə, istehsal texnologiyası və bədii işlənmə texnikası müəyyənləşdirilib, təkamülü izlənilib, Şəmkir dulusçuluğunun Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğu sübuta yetirilib.

Beş fəsildən ibarət olan əsərin birinci hissəsində anbar və təsərrüfat qabları, ikinci hissəsində mətbəx keramikası, üçüncü hissəsində isə su qabları tədqiqata cəlb edilib. Monoqrafiyanın son fəsillərində süfrə qablarından, saxsı  evlərin, ictimai və dini binaların süni işıqlandırma vasitələrindən, buxurdanlardan, əczəxana və gigiyena qablarından, sferokonuslardan bəhs olunur.

Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika məmulatlarının zənginliyi orta əsr Şəmkir şəhərinin nəinki Azərbaycan və Cənubi Qafqazda, həmçinin dövrünün İslam dünyasında yüksək inkişaf etmiş mədəni mərkəzlərdən biri oldugunu göstərir. Vəsaitdə arxeoloji qazıntılar zamanı tapılmış şirsiz keramika materiallarının foto və qrafik təsvirlərini əks etdirən illüstrasiyalar da yer alıb.

Nəşr arxeoloqlar və tarixçilər, həmçinin Azərbaycan, Qafqaz, Yaxın Şərq və bütövlükdə Avrasiya tarixinin İslam dövrü ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.