Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzey eksponatlarının tədqiqinə həsr olunan dəyirmi masa keçirilib
04.03.2020 17:25
  • A-
  • A
  • A+

Muzey eksponatlarının tədqiqinə həsr olunan dəyirmi masa keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu və Naxçıvan Dövlət Tarix Muzeyinin birgə təşkilatçılığı ilə “Muzey eksponatlarının tədqiqi sahəsində elmi müəssisələrlə muzeylərin birgə işinin aktual məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə bölmənin Əlyazmalar Fondunun əməkdaşları, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin direktorları, fond işçiləri, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələri iştirak ediblər.

İclası Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov açaraq mədəni irsimizin, milli dəyərlərimizin qorunması, hərtərəfli öyrənilməsi və təbliğində, habelə tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında muzeylərin önəmli rolunu vurğulayıb. Qeyd edib ki, xalqımızın tarixinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muxtar respublikada fəaliyyət göstərən muzey fondları son illər xeyli zənginləşib. Elmi müəssisələrlə muzeylər arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan N.Rəhimov perspektivdə muzey eksponatlarının tədqiqi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. O, Naxçıvan Dövlət Tarix Muzeyinin bir neçə eksponatının Əlyazmalar Fondunun əməkdaşlarının köməkliyi ilə tədqiq olunduğunu vurğulayıb.

Sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək rəhbərlik etdiyi müəssisədə aparılan araşdırmaların əhəmiyyətindən söz açıb, fond tərəfindən nəşr olunan yeni kitabları muzeyə hədiyyə edib.

Tədbirdə, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov, Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru Aytən Əkbərova və digərləri muzey eksponatlarının tədqiqi ilə bağlı təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: