www.science.az
05.03.2020 11:32

Türkiyənin nüfuzlu jurnalının xüsusi buraxılışı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyində olub.

Görüşdə Yaqub Mahmudov rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında Tarix İnstitutu tərəfindən beynəlxalq soyqırımı konfransları keçirilib.

O, institutda Azərbaycan xalqına qarşı törədilən soyqırımların tarixini araşdıran şöbənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müəssisədə Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağ, Zəngəzur, İrəvan quberniyasında, Naxçıvanda, o cümlədən Şərqi Anadolu və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarla bağlı çoxsaylı monoqrafiyalar çap olunub. Həmçinin müxtəlif dillərdə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “Real tarix və “böyük Ermənistan” uydurması” və digər kitablar nəşr etdirilib.

Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba dərnəyin Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiyini, institutun elmi dəstəyi ilə Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanıldığını vurğulayıb.

Tədbir çərçivəsində, həmçinin Türkiyənin impakt faktorlu jurnalı olan “Akademik tarix və düşüncə” dərgisinin Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunan xüsusi buraxılışının təqdimatı da keçirilib. Xüsusi buraxılışa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Albaniya və digər ölkələrdən olan görkəmli alimlərin Yaqub Mahmudov haqqında məqalələri və xatirələri daxil edilib.

Dərgi Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunun direktoru, professor Selma Yelin “Əli bəy Hüseynzadənin izində professor Yaqub Mahmudov” adlı irihəcmli məqaləsi ilə başlayır. Jurnalda, həmçinin “Türk dünyası tarixçilərinin ağsaqqalı”, “Türk dünyasının yenidən inşası və Yaqub Mahmudovun çağırışları”, “Türk dünyasının yaşayan ulu çinarlarından: Yaqub müəllim”, “Yaqub Mahmudov – türk dünyası tarix elminin korifeyi”, “Yaqub Mahmudov – Azərbaycanın böyük tarixçisi” və digər yazılar yer alıb.

Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi, Qazi Universiteti və Ankara Universitetinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.