Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İsa Həbibbəyli yaradıcılığı professor Yusif Seyidovun gözü ilə
05.03.2020 16:55
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli yaradıcılığı professor Yusif Seyidovun gözü ilə

Müqəddəs Nuh yurdu, Oğuz yurdu Naxçıvan torpağı görkəmli elm və dövlət xadimləri yetirib. Belə elm xadimlərindən biri Əməkdar Elm xadimi, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Yusif Seyidovdur (1929-2013).

Şərur rayonunda dünyaya göz açmış professor Y.Seyidov Azərbaycan dilçilik elmində qrammatika məktəbinin əsas yaradıcılarından biridir. Yusif Seyidov geniş elmi dünyagörüşə malik olub cəmiyyətşünaslıq və ədəbiyyatşünaslıq üzrə əsərlərində də professionallıq göstərib. Böyük sadəliyi və bütöv şəxsiyyəti onun böyük elmini tamamlayır.

Professor Y.Seyidov 1940-ci illərin sonlarında taleyini Bakı mühiti ilə bağlasa da, el-obaya, yurd-yuvaya, torpağa bağlı ziyalı idi. O, bu bölgənin ictimai-siyasi həyatı, ədəbi-elmi mühiti ilə hər zaman iç-içə olub. Yerli mətbuat orqanı olan "Şərq qapısı" qəzetinin daimi abunəçisi olaraq, orada Naxçıvan haqqında sanballı məqalələrlə çıxış edib. Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan dilçiliyinin ağsaqqallarından biri kimi 1990-cı illərin sonlarında Naxçıvan Dövlət Universitetinə dəvət edilmiş, yeni kadrların hazırlanmasında fəal iştirak etmiş, tələbələrə mühazirə oxumuş, Dissertasıya şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdi.

Onu da qeyd edək ki, professor Y.Seyidov, tək dilçiliyin nəzəri məsələlərini tədqiq etməmiş, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1962) və bir ədəbiyyatşünas kimi ədəbi-tənqidi məsələləri izləmiş, yazıçı və dil problemi ilə yaxından məşğul olmuşdu. Bir filoloq kimi ədəbi-bədii dil, onun inkişaf meyilləri və yolları, yazıçıların, söz, dil, bədii dil haqqında fikir və mülahizələrini araşdırmışdı (Ulduz ömürlü insan. B. Elm və təhsil, 2017, s.128). Bu araşdırmaların nəticəsi olaraq "Klassik şairlərimiz söz haqqında" (1977), "Yazıçı və dil" (1979), "Ədəbi tənqid və bədii dil" (1986), "Nəsimi dili" (1996), "Şairin dərdi" (1996), "Sözün şöhrəti" (1981), "Sözün qüdrəti"(1983), "Şairin fikir dünyası"(1085), "Sözün hikməti" (1989), "Nəsiminin dili" (1996), "Ey ulu dünya" (2003), "Mir Cəlal-100 (ədəbi-bədii dil problemləri) (2008), "Xalq yazıçısı Elçin" (2012) və digər kitablar, monoqrafiyalar ərsəyə gəlmişdir. Bu tədqiqatlardan əlavə, professor Y.Seyidovun akademik Məmməd Cəfər Cəfərov və akademik İsa Həbibbəyli haqqında yazdığı monoqrafiyalar da ədəbiyyatşünaslıq elminə layiqli töhfədir.

Akademik İ.Həbibbəylinin elmi yaradıcılığının tədqiqi ilə alim 2000-ci illərin əvvəlindən məşğul olmağa başlamışdı. Bu araşdırmanın nəticələri 2009-cu ildə "Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiyada öz əksini tapmışdır. Y.Seyidov monoqrafiyanı bir az da təkmilləşdirərək 2013-cü ildə yenidən nəşr etdirmişdi. Akademik İsa Həbibbəyli haqqında monoqrafiyasını 15 cildlik "Əsərləri"nin XI cildinə də daxil etmişdi. Monoqrafiyanın əvvəlində qeyd edilir ki, kitabda akademikin əsasən Naxçıvan dövrü yaradıcılığı tədqiqat obyekti seçilib.

Akademik İsa Həbibbəylinin həyatı, yaradıcılığı, elmi məktəbi haqqında bir çox alim və ictimai xadimlər məqalə, ayrıca kitab yazmışlar. Professor Y.Seyidovun bu monoqrafiyasının səciyyəvi xüsusiyyəti isə ondan ibarətdir ki, burada akademik İsa Həbibbəylinin elmi-pedaqoji, ədəbi və ictimai fəaliyyətinin ancaq Naxçıvan dövrü zəngin faktlar əsasında öz dolğun əksini tapmışdır. Akademik İsa Həbibbəyli 40 il Naxçıvan Dövlət Universitetində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, bunun təxminən 20 ilini həmin ali məktəbin, elm-təhsil ocağının rektoru vəzifəsində işləmişdir. Bu illərdə universiet dünya təhsil sisteminə inteqrasiya olunmuş, beynəlxalq səviyyədə tanınmışdır. Təsadüfi deyildir ki, bu universitet 2009-cu ildə Avropanın elm və təhsil qurumları tərəfindən təsis edilmiş "Minilliyin universiteti" mükafatına layiq görülmüşdür. Bu təhsil ocağını İsa Həbibbəylinin universiteti adlandıran Y.Seyidov yazır: "Belə mükəmməl universitet şəhərciyinin salınmasında dövlətin qayğısı da, İsa Həbibbəylinin zəhməti də aşkar görünür. İsa Həbibbəyli məzun olduğu universitetin sadəcə rektoru deyildir, vurğunudur. O, Naxçıvanın böyük qurucusu Vasif Talıbovun komandasında sabit, dəyişməz mövqeyi, fəallığı, qeyri-adi işgüzarlığı ilə fərqlənən personaldır" (Y.Seyidov. Əsərləri,15 cilddə, XI c. Bakı, 2013, s.317).

Yuxarıda göstərildiyi kimi, akademik İsa Həbibbəyli ədəbiyyat tarixi, ədəbi tənqid və ümumiyyətlə, filologiya və mədəniyyətşünaslıq üzrə bütün türk dünyasında böyük xidmətləri olan elm xadimi kimi tanınır və qəbul edilir. Belə ki, onun "Cəlil Məmmədquluzadə və müasirləri" (2008), "Akademik Səməd Vurğun Vəkilov" (2015), "Romantik lirikanın imkanları" (1990), "XX əsr Azərbaycan yazıçıları" (1992),"Ədəbi-tarixi yaddaş və müasirlik" (2007),"Ədəbi şəxsiyyət və zaman" (2017),"Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" (2019), "Azərbaycançılıq konsepsiyası" (2019), "Azərbaycan ədəbiyyatı tarixi" 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş alimdir. İsa müəllim yuxarıda qeyd edildiyi kimi, 40 il Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərmiş, həmin müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırmış, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq etmişdir. Bir haşiyə çıxaraq qeyd edək ki, elə akademikin 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş, qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik "Nuhçıxandan-Naxçıvana" monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapmışdır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərmiş və məqsədinə nail olmuşdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" adlandırır.

Məlumdur ki, XIX əsrin sonlarında maarifçilik hərəkatı Qafqazda, o cümlədən, Naxçıvanda geniş vüsət almışdı. İsa Həbibbəyli bu kontekstdə Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında arxivlərdən material toplamış, araşdırmış, yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim etmişdir.

Qori Müəllimlər Seminariyası bir təhsil, maarif ocağı kimi Azərbaycanda, o cümlədən, Naxçıvanda maarifçi ədəbiyyat və mədəniyyətin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Qori Müəllimlər Seminariyasının naxçıvanlı yetirmələri bölgədə maarifçiliyin yayılması ilə geniş şəkildə məşğul olmuşlar. Bu seminariyanın yuxarıda adını çəkdiyimiz bəzi maarifçi nümayındələrinin həyat və yaradıcılığnı ilk dəfə akademik İsa Həbibbəyli araşdırmışdır.

Bütün bunlara görə professor Yusif Seyidov İsa Həbibbəylinin Naxçıvan dövrü fəaliyyətinin bu cəhətləri üzərində daha geniş şəkildə dayanmışdır.

Professor Y.Seyidovun qeyd etdiyi kimi, bu maarifçilər içərisində görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı İsa Həbibbəylinin diqqətini daha çox cəlb etmişdir. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparmış, bu böyük pedaqoqun əvvəl maarifçi əsərlərini toplayıb "Məktəb hekayətləri" (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə təqdim etmişdir. Məlumdur ki, M.T.Sidqi maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olmuşdur. Professor Y.Seyidov akademikin bu sahədəki xidmətlərini yüksək qiymətləndirdikdən sonra çox doğru olaraq yazır: "Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov M.Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam vermişdir. Bu, Azərbaycan ziyalılarının yetişməsində, maarif sahəsində, ədəbiyyatın inkişafında çox iş görmüş Məhəmməd Tağı Sidqinin, az qala unudulmuş bir şəxsiyyətin mənən, ruhən yenidən həyata qaytarılması demək idi".

Bu maarifçi mühitin digər bir görkəmli nümayəndəsi də böyük satira ustası Cəlil Məmmədquluzadədir. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunmuşdur. Bu mövzuda akademikin "Cəlil Məmmədquluzadə" (1987), "Zamanın dühası" (1993), "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə" (1994), "C.Məmmədquluzadə: mühiti və müasirləri" (1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları ona bir nömrəli Mirzə Cəlilşünas titulu qazandırmışdır. Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində böyük satira ustasının dördpərdəli "Ər" pyesini, kiçikhəcmli "Lənət" və "Oyunbazlar" kimi səhnə əsərlərini üzə çıxarmış, 16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim etmişdir. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda, başqa tanınmış şəxsiyyətlərin elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edilmişdir.

Professor Y.Seyidov da öz tədqiqat əsərində İsa Həbibbəylinin Mirzə Cəlil haqqında araşdırmalarına geniş yer ayırmış və bu əsərləri ətraflı şəkildə filoloq gözü ilə təhlil etmişdir. Yusif Seyidovun çox doğru olaraq göstərdiyi kimi bu araşdırmalar "Azərbaycanda XIX əsrin sonları və XX əsrin əvvəlləri ədəbi prosesinə ümumiləşdirilmiş yeni bir baxışı" ifadə edirdi.

Professor Y.Seyidovun bu monoqrafiyasının diqqət çəkən məziyyətlərindən biri də bundan ibarətdir ki, o, akademikin Naxçıvanda ikən qələmə aldığı problemlərin, ədəbi şəxsiyyətlərin bir çoxunu tək-tək təhlil süzgəcindən keçirir, onlara qiymət verir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan maarifçiliyinin, Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlıdır. İsa Həbibbəyli Mirzə Cəlilin bu az öyrənilmiş naxçıvanlı müasirinin həyatı və irsini daha geniş tədqiq etmiş, əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirmişdir. Məlumdur ki, Avropa və Rusiyada böyük şöhrət qazanmış M.Şahtaxtlı Azərbaycanın ən böyük maarif xadimlərindən biri olmuşdur. Bu görkəmli maarifçi ədibin elmi irsi sovet dövründə birtərəfli, həm də səthi şəkildə öyrənilmiş, əsərləri isə demək olar ki, nəşr edilməmişdi. Naxçıvan Ali Məclis Sədrinin M.Şahtaxtlının 160 illiyi ilə əlaqədar imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəylinin ilk dəfə nəşr etdirdiyi "Məhəmməd ağa Şahtaxtlı. Seçilmiş əsərləri" (2006) adlı kitabda XX əsrin ilk ana dilli mətbuat orqanının (Şərqi-Rus) naşiri olan bu böyük maarifçinin çoxcəhətli fəaliyyəti ilk dəfə sənədlər və arxiv materialları əsasında geniş ictimaiyyətə təqdim olunmuşdur.

Y.Seyidov İsa Həbibbəylinin M.Şaxtaxtlı yaradıcılığında irəli çəkdiyi məsələlərə öz münasibətini bildirir, həmin məsələnin ictimai fikir tariximiz üçün əhəmiyyətindən söz açır.

Naxçıvan ədəbi mühiti ilə bağlı olan görkəmli ədəbiyyat adamlarından biri də professor Abbas Zamanov olmuşdur. İsa Həbibbəyli çox doğru olaraq göstərir ki, yazıçı və müasirləri problemini bizim ədəbiyyatşünaslıq elmimizə Abbas Zamanov gətirmişdir. O, "Sabir və müasirləri" əsəri ilə bu sahənin əsasını qoymuşdur. Elə buna görə də İ.Həbibbəyli təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən ibarət "Müasirləri Abbas Zamanov haqqında" adlı kitab tərtib edərək nəşr etdirmişdir. Bundan əlavə, alim Abbas Zamanovun bircildliyini tərtib və nəşr etmiş, eyni zamanda, onun haqqında 5 sanballı elmi məqalə çap etdirmişdir.

Məlumdur ki, Abbas müəllim ermənilərin Naxçıvan iddialarının keçən əsrin 60-cı illərində təhlükəli həddə çatdığını ziyalılara, elmi ictimaiyyətə qorxmadan bəyan etdiyinə görə, o dövrdə onu partiyadan çıxarmışdılar. Heydər Əliyev hakimiyyətə gələndən sonra onun hüquqları bərpa olundu: birbaşa elmlər doktoru elmi dərəcəsi aldı, akademiyaya müxbir üzv seçildi.

Abbas Zamanovu bir alim, bir naxçıvanlı, bir vətənpərvər kimi sevən, bir məsləkdaş kimi ona böyük ehtiram göstərən Y.Seyidov İsa Həbibbəylinin bu sahədəki araşdırmalarını yüksək qiymətləndirir və yazır: "O, imperiya siyasətinə və bu siyasətə arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə səsini qaldıran, bununla da başına olmazın fəlakətlər gələn, lakin sınmayan, həm də şəxsən qalib gələn bir ziyalı, bütöv bir şəxsiyyət idi, dissident idi".

Müəllif göstərir ki, akademik İsa Həbibbəyli XX əsr Naxçıvan ədəbi mühitinin akademik M.C.Cəfərov, Xalq şairi Məmməd Araz, İslam Səfərli, Adil Babayev, Hüseyn İbrahimov, Cavad Cavadlı, Vaqif Məmmədov, kimi nümayəndələrinin yaradıcılığını dərindən tədqiq etmiş, onların hər biri haqqında ayrıca məqalə yazmışdır. Ona görə də Yusif Seyidov monoqrafiyada tədqiqatçı İsa Həbibbəyli haqqında dolğun təsəvvür yaratmaq üçün bu məqalələrin hər birini ayrıca nəzərdən keçirir, təhlil edir, onların məziyyətlərini açıb göstərir.

Akademik İ.Həbibbəyli Naxçıvanda yaşayarkən yenicə yaradılmış AMEA-nın Naxçıvan Bölməsinin inkişafına da töhfələr vermişdir. O, bir neçə il Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik etmiş, gənc kadrların yetişməsinə kömək göstərmişdir. İsa müəllim Naxçıvan Bölməsində işləyərkən taleyi və seriyasından bir neçə məqalələr məcmuəsi də nəşr etdirmişdir. Həmin seriyadan nəşr olunan sanballı kitablardan biri də "Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" toplusudur. Onu da qeyd etmək lazımdır ki, İsa müəllim akademik M.Cəfərin nəşr olunmamış bir sıra bədii əsərini, o cümlədən, memuar ədəbiyyatının kamil nümunəsi olan "Xatirələr" əsərini ədəbi ictimaiyyətə təqdim etmişdir. Professor Y.Seyidov "Akademik Çəmməd Cəfər Cəfərov: taleyi və sənəti" kitabını yüksək qiymətləndirmiş, hətta onun haqqında "525-ci qəzet"də sanballı bir məqalə də nəşr etdirmişdir. Həmin məqalədə Y.Seyidov toplunun nəşrini təqdir edir, İsa Həbibbəylinin buradakı fəaliyyətinə yüksək qiymət verərək yazır: "Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" kitabı görkəmli elm xadiminin parlaq və işıqlı şəxsiyyətini, bütün zamanlar üçün aktual və müasir olan qiymətli yaradıcılıq irsini yeni nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda getmiş İ.Həbibbəylinin məqalələr silsiləsi müstəqil bir monoqrafiyanın ana xəttini özündə cəmləşdirir".

Professor Y.Seyidovun "Akdemik İsa Həbibbəyli" adlı tədqiqat əsəri görkəmli ictimai xadim, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının Naxçıvan dövrünün öyrənilməsində dəyərli bir qaynaq kimi elmimizə böyük bir töhfədir. 

Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü

525-ci qəzet

  • Paylaş: