www.science.az
10.03.2020 13:00

Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətini əks etdirən kitab işıq üzü görüb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) yaranması, fəaliyyət istiqamətləri və son beş il ərzində elmi fəaliyyətini əks etdirən kitab çapdan çıxıb. “AMEA Lənkəran Regional Elmi Mərkəzi (2015-2020): Uğurlu nəticələr, yeni hədəflər” adlı kitabda mərkəzdə dövlətin elm siyasətinə uyğun olaraq aparılan elmi tədqiqat işlərinə nəzər salınır.

Kitabın rəyçisi LREM-nin direktoru, professor Fərman Quliyev, tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin üzvü Sərraf Talıbov və Azər Quluzadədir. Nəşrin redaktoru Sərraf Talıbovdur.

Vəsaitdə mərkəz əməkdaşlarının ötən 5 il ərzində tədqiqat apardıqları mövzu və problemlər, eləcə də bu sahədə əldə etdikləri nəticələr rəngli şəkil və diaqramların müşayiətilə oxucuların diqqətinə çatdırılır.

Nəşrdə 2018-ci ildə qəbul edilən çayçılıq və sitrusçuluqla bağlı Dövlət Proqramlarından irəli gələrək professor Fərman Quliyevin rəhbərliyi altında aparılan elmi-tədqiqat işləri və əldə edilən uğurlu nəticələr, o cümlədən bu müddət ərzində 4 yeni çay sortunun rayonlaşdırılması və istehsalata tətbiqi, yeni limon və naringi sortlarının yaradılması barədə ətraflı məlumat verilir.

Bununla yanaşı, çay, limon, naringi, quayava və digər bitkilərin dünya miqyasında yayılması, istifadəsi və Azərbaycanda introduksiya edilməsi, eləcə də Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə birgə “Sitrus bitkiləri genefond bağı”nın yaradılması, bölgənin fenotik-floristik xüsusiyyətlərinin öyrənilməsi barədə maraqlı faktlar verilir. Kitabda, həmçinin cənub bölgəsində qədim yaşayış məskənlərinin, arxeoloji abidələrin, kurqan və numizmatik materialların aşkar edilməsi və mühafizəsi ilə bağlı görülən işlərdən bəhs olunur.

Vəsaitdə professor Fərman Quliyevin “AMEA Lənkəran Regional Elmi Mərkəzinin inkişaf perspektivləri, gələcək hədəflər” sərlövhəli məqaləsi Azərbaycan dövlətinin, eləcə də AMEA rəhbərliyinin elmi təşkilatlar qarşısında qoyduğu əsas vəzifələri özündə ehtiva edərək, mərkəzin bundan sonrakı fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.