www.science.az
11.03.2020 15:14

Qətərin ölkəmizdəki səfiri Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Əl Hənzab AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin rolunu xüsusi qeyd edib. O, institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan bəhs edib, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu bildirib.

Sonra çıxış edən Feysal bin Abdullah Əl Hənzab Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək dəyərləndirib, Qətərin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd edib.

Səfir daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. O, şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.