www.science.az
12.03.2020 14:56

Muzeyin arxeoloji kolleksiyası Naxçıvan tapıntıları ilə zənginləşib

Məlum olduğu kimi, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yubileyə hazırlıq işlərinə başlanılıb.

Hazırlıq işləri çərçivəsində muzey ekspozisiyasının yenilənməsi və fondların yeni materiallarla zənginləşdirilməsi işləri həyata keçirilir. Bu məqsədlə muzeyin direktoru, akademik Nailə Vəlixanlının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciətindən sonra maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıların daimi mühafizə olunması üçün muzeyə verilməsi qərara alınıb.

Bu günlərdə Naxçıvanın I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılmış saxsı qablar və onların fraqmentləri, eləcə də bir ədəd mixi yazılı qab fraqmentindən ibarət arxeoloji materiallar muzeyin Arxeologiya fonduna təhvil verilib. Tapıntılar e.ə. VI-I minilliklərə aiddir.

Qeyd edək ki, bu tapıntılar bölgənin, o cümlədən Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.