Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Hüquqşünas alim Habil Qurbanovun 65 yaşı tamam olur
13.03.2020 17:11
  • A-
  • A
  • A+

Hüquqşünas alim Habil Qurbanovun 65 yaşı tamam olur

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovun 65 yaşı tamam olur.

Habil Qurbanov 14 mart 1955-ci ildə Ağdam şəhərində anadan olub. O, 1971-ci ildə orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib və bir müddət AMEA-da kiçik elmi işçi kimi fəaliyyət göstərib.

Alim müxtəlif illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsi, SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbi, Bakı Şəhər Prokurorluğu kimi dövlət qurumlarında çalışıb.

H.Qurbanov 1988-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində “Cinayət hüququ” üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsini alıb. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu əldə edib. 1998-ci ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən alimə hüquq elmləri doktoru elmi dərəcəsi, 2010-cu ildə isə professor elmi adı verilib.

Habil müəllim 220 elmi məqalə, 12 monoqrafiya və 5 dərs vəsaitinin müəllifidir. Onlardan 3 monoqrafiya və 50 elmi məqalə xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunub. Professorun elmi rəhbərliyi ilə 3 elmlər və 10 fəlsəfə doktoru yetişdirilib.

Alim 2010-2016-cı illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri vəzifəsində çalışıb, 2016-cı ildən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda baş elmi işçi kimi fəaliyyətə başlayıb.

O, AMEA-da həm də geniş ictimai fəaliyyəti ilə fərqlənir. 2009-cu ilin aprel ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, 2009-cu ilin dekabr ayında isə Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Həmçinin BMT-nin Beynəlxalq Narkotizmlə Mübarizə Təşkilatının üzvüdür.

H.Qurbanov 2017-ci ilin fevral ayında AMEA Azad Həmkarlar İttifaqının sədr müavini, 2017-ci ilin iyul ayında sədr əvəzi kimi fəaliyyət göstərib. Həmin ilin noyabr ayından indiyədək AMEA-nın Azad Həmkarlar İttifaqının sədridir.

Onun təşkilatçılığı ilə AMEA əməkdaşlarının mütəmadi olaraq pulsuz tibbi müayinələrdən keçirilməsi, ilkin tibbi yardım üçün lazım olan dərman preparatlarının alınıb paylanılması, idman tədbirləri, ərzaq və kənd təsərrüfatı mallarının yarmarkasının təşkili, aztəminatlı işçilərə maddi yardımların verilməsi, elmi işçilərin yubileylərinin qeyd olunması, əməkdaşların sanatoriya, yaxud istirahət evlərinə, onların azyaşlı uşaqlarının isə yay düşərgələrinə göndərilməsi kimi təqdirəlayiq tədbirlər həyata keçirilir.

Professor H.Qurbanov respublikada yeni qanunların yaradılmasında yaxından iştirak edib, Azərbaycanda ilk dəfə olaraq 1996-cı ildə yeni Cinayət Məcəlləsinin (ümumi hissə) layihəsini hazırlayıb və onu ictimaiyyətin müzakirəsinə təqdim edib.

Habil müəllimin ölkədə hüquq elminin inkişafında göstərdiyi xidmətlərinə görə nəşr olunmuş “Cəmiyyət və sosio-hüquqi problemlər” adlı monoqrafiyası “Ən yaxşı tədqiqat əsəri Qızıl medalı”na layiq görülüb.

Hüquqşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: