www.science.az
18.03.2020 09:40

“Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu” kitabı işıq üzü görüb

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun (GGİ) şöbə müdiri, professor Adil Əliyev və həmin müəssisənin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanovun müəllifi olduğu “Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu” kitabı çapdan çıxıb.

“Elm” nəşriyyatında işıq üzü görən kitabın redaktoru GGİ-nin direktoru, akademik Akif Əlizadə, rəyçiləri isə akademik Əkpər Feyzullayev və AMEA-nın müxbir üzvü Dadaş Hüseynovdur.

Vəsaitdə rus və ingilis dillərində 2008-2019-cu illərdə Azərbaycanda 28 palçıq vulkanında qeydə alınmış püskürmə, onların məhsulları, təsnifatı, səciyyəvi cəhətləri, intişar etdiyi sahələrin geoloji xüsusiyyətləri barədə məlumat verilir, fəaliyyətlərinə seysmik aktivliyin təsiri göstərilir. Həmçinin püskürmə məhsullarının geokimyasına, vulkanlardan ixrac olunan qaz, su və neftin izotop tərkiblərinə baxılır.

Sonda palçıq vulkanlarının fəaliyyəti kəmiyyətcə qiymətləndirilir, ayrı-ayrı sahələr üzrə püskürmələrin intensivliyi, zaman və məkan üzrə Şərqi Azərbaycanda və ona bitişik Xəzər dənizi akvatoriyasında paroksizm təzahürlərinin xüsusiyyətləri şərh olunur.

Qeyd edək ki, sayca üçüncü olan bu nəşrin birinci buraxılışı 1810-2001-ci illərdə, ikinci nəşri isə 2007-ci ilə kimi ölkəmizdə baş verən palçıq vulkanlarının püskürmələrinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.