Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli türkoloq alim və pedaqoq
27.03.2020 09:25
  • A-
  • A
  • A+

Görkəmli türkoloq alim və pedaqoq

Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli alimləri ilə tanınmışdır. Akademiklər M.Şirəliyev, A.Axundov, K.Abdulla, N.Cəfərov, müxbir üzvlər Ə.Dəmirçizadə, A.Qurbanov, Z.Budaqova, R.Məhərrəmova, professorlar F.Zeynalov, A.Babayev, Y.Seyidov, M.Adilov, Ə.Abdullayev və başqalarının tədqiqatları ölkəmizdə türkologiya elminin inkişaf səviyyəsinin mühüm göstəricisi kimi diqqəti cəlb edir. “Sovetskaya türkoloqiya” jurnalının Bakıda nəşr olunması Azərbaycanda türkologiyanın hansı səviyyədə olduğunu təsdiq edir.

Respublikamızda türkologiya sahəsində tanınmış alimlərdən biri də Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, əməkdar müəllim Əbülfəz Aman oğlu Quliyevdir. 

Əbülfəz Quliyev 1950-ci il martın 27-də Naxçıvan şəhərində doğulub. O, 1966-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub və 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Ömrünün bir ilini Naxçıvan şəhərində dil-ədəbiyyat müəllimi işlədikdən sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirib. Əbülfəz müəllim ömrünün 50 ilə yaxın bir dövrünü ali təhsil ocağında dilçiliyin müxtəlif sahələrindən mühazirələr oxunmasına həsr edib. O, burada baş müəllim, dosent və professor kimi fəaliyyətini davam etdirib. 1993-2003-cü illərdə “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsində işləyib. Bu gün də Naxçıvan Dövlət Universitetində professor kimi pedaqoji fəaliyyət göstərir.

 Əbülfəz Quliyev 1979-cu ildə “Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik, 2003-cü ildə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1989-cu ildə dosent, 2006-cı ildə isə professor elmi adını alıb.

Alim 2003-cü ildə Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna direktor, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Görkəmli türkoloq alimin tədqiqatlarında qədim türk abidələrinin dilindən geniş bəhs etmiş, bununla bağlı bir sıra əsərlər nəşr etdirmişdir: “Qədim türk yazılı abidələri dilinin sintaksisi” (1990), “Qədim türk yazılı abidələri dilinin sözlüyü” (1992), “Qədim türk onomastik sözlüyü” (1999), “Qədim trük onomastikasının semantik sistemi” (I, II hissə, 2002) və b.

Ə.Quliyev əski türk yazılı abidələrinə, xüsusilə Orxim-Yenisey abidələrinə, qədim türk onomastikası və folkloruna həsr olunmuş tədqiqatları ilə Azərbaycan dilçiliyində, bütövlükdə türkologiya sahəsində öz sözünü deməyi bacarmış, yeri və mövqeyini müəyyənləşdirmişdir. “Orxon-Yenisey abidələrində feilin  təsriflənməyən formaları” (1997), “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” (2004), “Qədim türk onomastikası” (2007, “Qədim uyğur türklərinin onomastikası” kimi kitab və monoqrafiyaları onun türkologiya sahəsində ciddi bir tədqiqatçı olduğunu göstərmişdir.

Alimin yaradıcılığında Naxçıvanın dialekt və şivələri, onun sözlüyü, xarakterik cəhətlərinin təhlili mühüm yer tutur. Onun bu istiqamətdə apardığı tədqiqatların nəticəsi kimi hazırladığı kitablar həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətində nəşr olunmuşdur. “Nahçıvan ağızı” (Ankara, 2009), “Nahçıvan ağızlarının söz varlığı” (Ankara, 2011), “Azərbaycan dilinin Naxçıvan və şivələrinin lüğəti” (həmmüəllif, Naxçıvan, 2017) və başqa əsərləri bu qəbildəndir.

Əbülfəz Quliyev həm ölkəmizdə, həm də türk dünyasında görkəmli dilçi-türkoloq alim kimi tanınır, onun tədqiqatlarının ciddiliyi və mötəbərliyi qəbul edilir. O, tədqiqatları ilə türkologiyanı zənginləşdirən, bu sahədə öz sözü, öz fikri olan türkoloq-alimlərdəndir. Təsadüfi deyildir ki, türkologiya ilə bağlı keçirilən tədbirlərdə alimin yeri və fəaliyyəti həmişə hiss olunur, o, apardığı tədqiqatları ilə həmin tədbirləri yeni fikirləri ilə zənginləşdirir. Türkoloqlar ona ciddi və məhsuldar bir alim kimi yanaşır və hörmət göstərirlər. Təkcə belə bir faktı qeyd etməliyik ki, alimin qədim türk onomastikasının leksik-semantik sisteminə aid tədqiqatı türkologiyada ilk dəfə olaraq qədim türk yazılı abidələrinin onomastikası tam şəkildə elmi ictimaiyyətə təqdim edilmişdir.

AMEA-nın müxbir üzvü Ə.Quliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin inkişafında xidmət göstərdiyi kimi, türk abidələrinin, yazılarının öyrənilməsinə, Naxçıvan dialekt və şivələrinin tədqiqinə, XIX və XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş maarifçi ziyalıların, tarixi şəxsiyyətlərin, diplomatların xalqımıza tanıdılmasında da böyük xidmətlər göstərmişdir. Böyük mütəfəkkir və görkəmli ictimai xadim Məhəmmədağa Şahtaxtlını dilçi, naşir kimi tədqiq edən alim, onun publisistikasından da bəhs etmiş və bunlarla əlaqədar 2 kitab nəşr etdirmişdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə akademik İsa Həbibbəylinin rəhbərliyi dövründən görkəmli alim, naşir və mütəfəkkirlərin taleyi və sənəti seriyasından əsərlər nəşr edilməyə başlanılmışdır. Belə kitablar Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, Əziz Şərif, Məmməd Səid Ordubadi, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov kimi tarixi şəxsiyyətlərə həsr edilmişdir. Bu qəbildən olan seriyanı Ə.Quliyev davam etdirmiş, Məhəmmədhüseyn Təhmasib, Məmməd Araz, Nemətullah Naxçıvani və Ərtoğrol Cavidin taleyi və sənətindən bəhs edən əsərlər nəşr edilmişdir.

Əbülfəz Quliyev elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla, tərcümə sənəti ilə də məşğul olmuş, Naxçıvanın tarixi, tarixi coğrafiyası, toponimikası ilə də bağlı tərcümələr etmiş, əsərlər nəşr etdirmişdir. O, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sini dilimizə uyğunlaşdıraraq, həm Azərbaycan, həm də Türkiyədə nəfis şəkildə nəşr etdirmişdir. Alim eyni zamanda XX yüzilliyin 20-ci illərində Naxçıvanın erməni işğalından xilas edilməsində böyük xidmətlər göstərmiş türk sərkərdəsi general Veysəl Ünüvarın Türkiyədə nəşr olunmuş “Bolşeviklərlə 8 ay üz-üzə” xatirələrini dilimizə uyğunlaşdıraraq “Naxçıvan: təlatüm və burulğanlar (1920-1921)” adı ilə nəşr etdirmişdir. Müəllif eyni zamanda rus şərqşünası A.V.Borovkovun Orta Asiyada tapılmış “Quran təfsirinin leksikası (XII-XIII əsrlər)” adlı irihəcmli monoqrafiyasını rus dilindən türk dilinə tərcümə etmiş  və bu əsər Türk Dil Qurumunun nəşriyyatında işıq üzü görmüşdür. Onun Naxçıvanın tanıdılması istiqamətində gördüyü uğurlu bir işi xüsusilə qeyd etməliyik. “Tarihte ve günümüzde Nahçıvan” əsəri Ankara Universiteti tərəfindən nəşr edilərək Türkiyə Cümhuriyyətində yayılmışdır. Ümumiyyətlə, alimin Türkiyə-Azərbaycan elmi, mədəni əlaqələrinin inkişafında xüsusi xidmətləri olmuşdur. Alim bir müddət Türkiyə tərəfinin xahişi ilə Qars Qafqaz Universitetində müəllim işləmiş, türkologiyanın bir sıra sahələrindən mühazirələr aparmış, türk tələbələrinin yüksək ixtisaslı kadrlar kimi formalaşmasına xidmətlər etmişdir. O, həm də Azərbaycan xalq ədəbiyyatında Naxçıvan nəğmələri və Azərbaycan mərasim nəğmələrindən bəhs edən kitabları orada türk dilində nəşr etdirmişdir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azərbaycanlı dostu, Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovla dostluğundan, birgə əməkdaşlığından bəhs edən “Qazi Mustafa Kamalın dostu” povesti Azərbaycan-Türkiyə dostluğuna həsr edilmişdir.

Ə.Quliyev AMEA Naxçıvan Bölməsində bir sıra ümumiləşdirici əsərlərin hazırlanmasında yaxından iştirak etmişdir. İki cildlik “Naxçıvan ensiklopediyası”, üç cildlik “Folklor antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlasın və başqa əsərlərin hazırlanmasında ağıllı məsləhətləri, tövsiyələri və əməli fəaliyyəti ilə köməklik göstərmişdir.

Alim yaxşı tədqiqatçı olmaqla yanaşı, həm də müstəqil və mükəmməl pedaqoqdur. O, uzun illərdir ki, ali məktəbdə - Naxçıvan Dövlət Universitetində dilçiliyin müxtəlif sahələrindən mühazirələr aparır, tələbələrin yüksək ixtisaslı müəllim kimi formalaşmasına yardım edir. Əbülfəz müəllim filologiya fakültəsinin tələbələri üçün bir sıra dərs və tədris vəsaitləri hazırlayıb onların istifadəsinə vermişdir.

Əbülfəz Quliyev 50 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Onun qələmindən 30-dan artıq kitab, monoqrafiya, dərs və tədris vəsaitləri, 300-dən çox elmi məqalə, bir o qədər də elmi-kütləvi məqalələr çıxmışdır. Onun kadr hazırlığında da xüsusi xidmətləri olmuşdur. Alimin rəhbərliyi ilə 13 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. O, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri kimi geniş elmi-təşkilati iş aparır.

Professor Ə.Quliyev 17 ildir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Bu illərdə institutun kadr potensialı artırılmış, hazırlanmış kitab və monoqrafiyalar, elmi məqalələr respublikada və xarici ölkələrdə nəşr edilir.

Alim dünyanın onlarla ölkəsində - Rusiya, Türkiyə, Macarıstan, Polşa, İran, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Türkmənistan, Qırğızıstanda keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan elmini layiqincə təmsil etmiş, maraqlı və əhəmiyyətli elmi məruzələr etmişdir.

Ə.Quliyevin əməyi layiqincə qiymətləndirilmişdir. O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. İran İslam Respublikasının Şəhriyar beynəlxalq mükafatına, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına və digər mükafatlara layiq görülmüşdür.

Hər bir insanın, xüsusilə alimin yubileyi onun gördüyü işlərə aid hesabatdır. Yetmiş illik ömrünün 50 ilini elm və təhsilin inkişafına, çiçəklənməsinə yönəldilmiş həyat mənalı və ibrətamizdir. Faydalı və mənalı ömür isə heç vaxt unudulmur.

İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik

"Şərq qapısı" qəzeti

  • Paylaş: