Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi ABŞ-da nəşr olunan beynəlxalq indeksli jurnalda dərc edilib
02.04.2020 13:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi ABŞ-da nəşr olunan beynəlxalq indeksli jurnalda dərc edilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin “Poliploid üzüm formalarının tədqiqi” adlı məqaləsi ABŞ-da nəşr olunan "Cytology və Histology" beynəlxalq indeksli jurnalda dərc edilib.

Qeyd edək ki, dünyada ilk dəfə olaraq Varis Quliyev tərəfindən eksperimental üsulla üzümün generativ orqanlarda poliploid təbiətli toxumlarının alınması, nəticədə yeni genom quruluşuna malik üzüm formalarının əldə olunması metodikası hazırlanıb və beynəlxalq nüfuzlu jurnallarda ingilis və rus dillərində çap edilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üzümçülük üzrə seleksiya mərkəzlərində bu metodikadan istifadə olunmaqdadır.

Tədqiqat əsərində də yeni yaradılan müxtəlif poliploid üzüm formalarının genom quruluşu, sitoloji və histoloji xüsusiyyətləri haqqında məlumatlar əksini tapıb.

Otuz ildən artıqdır Naxçıvan Muxtar Respublikasında üzüm genofondunun genetikası və seleksiyası problemləri üzərində tədqiqatlar aparan alimin sözlərinə görə, poliploid formalardan istifadə olunmaqla gələcəkdə genomlu sortlar arasında müxtəlif kombinasiyalı çarpazlaşdırma işlərinin tətbiqinə, xəstəliklərə, şaxtalara dözümlü, məhsuldar, yüksək şəkərliliyə malik olan məqsədyönlü yeni sortların alınmasına imkanlar yaradılmış olur. Artıq bu istiqamətdə elmi nailiyyətlər də əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: