Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya bir monitor ölçüsündə
09.04.2020 13:14
  • A-
  • A
  • A+

Dünya bir monitor ölçüsündə

Məlum olduğu kimi, dünyada koronavirus (COVID-19) pandemiyasının vüsət alması səbəbindən ölkəmizdə bir çox sahələrdə fəaliyyətin distant (məsafədən) icra olunmasının populyarlığı kəskin artıb. Bu gün mühasib və proqramçılardan tutmuş satış menecerləri və jurnalistlərə qədər bir çox sahələr üzrə əməkdaşlar fəaliyyətlərini məsafədən davam etdirirlər. Bu sıraya məktəb və universitet tələbələri, bu yaxınlarda isə AMEA institutlarının magistranları qoşulublar.

Bu barədə “Kaspi” qəzetində dərc olunmuş məqalədə məlumat verilib.

Məqalədə bildirilib ki, AMEA fəaliyyətini xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi iclasda bəzi dövlət qurumlarının, o cümlədən AMEA-nın bir aylıq müddətə – martın 29-dan aprelin 29-dək məzuniyyətə göndərilməsi barədə qərar qəbul olunub. Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyada bəzi qurumların fəaliyyətlərini xüsusi əmək rejiminin qaydalarına uyğun davam etdirməsini nəzərdə tutan sərəncam imzalayıb.

Qeyd olunub ki, hazırda ölkəmizin elm və təhsil müəssisələrinin GEANT-a (Avropa Elm və Təhsil Şəbəkəsi) inteqrasiyasını təmin edən AMEA-nın AzScienceNet şəbəkəsi tərəfindən göstərilən xidmətlər nəticəsində akademiya əməkdaşları elmi fəaliyyətlərini xüsusi karantin rejimi şəraitində məsafədən davam etdirirlər. AMEA rəhbərliyi isə strukturu onlayn idarə edir, elmi qurum və təşkilatların rəhbərlikləri ilə virtual görüş və müzakirələr təşkil edir. Bu məqsədlə texniki xidmətləri növbətçilik prinsipi əsasında təmin etmək və AMEA-nın fəaliyyətini davamlı rejimdə saxlamaq üçün İşçi qrup yaradılıb.

Vurğulanıb ki, AMEA prezidentinin digər bir sərəncamı ilə akademiyanın magistrantları üçün xüsusi karantin dövründə təhsil prosesinin vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə İnternet üzərindən magistrantlar üçün müvafiq təlimlərin keçirilməsi tapşırılıb. Bu məqsədlə martın 29-dan etibarən AMEA-nın müxtəlif elmi müəssisələrinin magistrantları üçün onlayn dərslərə başlanılıb. Fizika, Botanika, Geologiya və Geofizika, Əlyazmalar, Mikrobiologiya, Aşqarlar Kimyası institutları, Şamaxı Astrofizika Rəsədxanası və digər elmi qurumların magistrantları distant təhsilə cəlb olunublar.

  • Paylaş: