Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Teymur Kərimli: “Çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim”
11.04.2020 12:36
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli: “Çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim”

Koronavirus (COVID-19) infeksiyası ilə bağlı yaradılmış sosial izolyasiya rejimi xüsusi qaydada davam etməkdədir. Ziyalılarımız, alimlərimiz, yazıçılarımız bu karantin rejiminə ciddi əməl edərək xalqa nümunə olurlar. Onlar bu günlərdə də boş qalmır, yarımçıq əsərlərini tamamlayır, yeni araşdırmalar, kitablar üzərində işləyirlər. Onlardan biri də akademik Teymur Kərimlidir. Son zamanlar sosial şəbəkələrdə də xeyli aktiv olan akademiklə yaranmış bu vəziyyət haqqında söhbət etdik, günlərini necə keçirtdiyini öyrəndik:

- Teymur müəllim, bütün dünyada və eləcə də Azərbaycanda yaranmış bu vəziyyəti necə dəyərləndirirsiz?

- Bu, ümumilikdə bəşəriyyət üçün fövqəladə bir haldır. Tarix boyu yəqin ki, belə hallar çox az-az olub, Əlbəttə, ötən əsrlərdə taun, vəba və başqa pademiyalar olub. Məsələn, keçən yüzilliyin əvvəlində “İspan qripi” yüz milyona  qədər insanı məhv edib. Amma bu da təbii ki, bir fəlakətdir. Bu fəlakəti qarşılamaq üçün mənə elə gəlir ki, xalqlar, ölkələr qüvvələrini birləşdirməlidilər. Hər şeydən əvvəl bir ölkənin xalqı özünü o qədər şüurlu aparmalıdır ki, gələn fəlakətə qarşı vahid bir orqanizm kimi reaksiya versin. Təkcə özünə aid bilməsin onu, bütün xalqa aid bilsin. Xalq qarşısında məsuliyyətini duysun. Yəni mən elə bir zəncir, elə bir halqa ola bilərəm ki, bir neçə insana, bəlkə də onlarla insana  bu fəlakəti yetirə bilərəm. Ona görə zəncir olmaq, o zəncirin bir silsiləsi olmaq vəziyyətindən çıxmaq lazımdır. İnsanların özünütəcridi lazımdı. Əlbəttə ki, bu asan məsələ deyil, amma tale yüklü bir məsələdir. Yəni insanın taleyi, xalqın taleyi sanki müəyyən qədər sənin əlindədir. Onu düşünməlisən ki, bu xalq məndən nə gözləyir? Və sənə düşən o vəzifəni, sənin boynuna düşən o funksiyanı yerinə yetirməlisən.

Bizim ölkə başçımız da çox müdrik bir qərar qəbul eliyib. Əvvəlcə 65 yaşından yuxarı insanların təcrid olunması haqqında qərar çox yerində və dəqiq idi. Əlbəttə ki, bu xəstəlik təkcə 65 yaşından yuxarı insanlara aid deyil, bütün insanlara aiddir, amma gənclər daha yüngül keçirirlər. Bununla belə İtaliyanın təcrübəsi göstərdi ki, nəinki gənclər, yetkin, sağlam kişilər də virusa yaxalanıb canlarını qurtara bilmirlər, hətta həyatlarını itirirlər. Yəni bu, o deməkdir ki, uşaqdan tutmuş böyüyə, ağsaqqala qədər hamının boynuna yük düşür. Və bu yükü şərəflə çəkmək lazımdır ki, gələcəkdə deməsinlər, bax, filankəs özünü fəlakətin qoynuna atmaq bir yana, özüylə bərabər bir neçə nəfəri də apardı. Bu heç kimə, məncə, şərəf gətirməz, başucalığı gətirməz. Ona heç kim “maşallah” deməz. Buna ancaq, müharibə şəraitinin termini ilə desəm, satqınlıq deyərlər ki, sən xalqın itki yolunda üzərinə düşən vəzifəni yerinə yetirmədin. Elə bil ki, sən cəbhədən qaçdın, dezertir oldun, satqın oldun. Bu baxımdan, əlbəttə, hamımızın boynuna çox ağır bir yük düşür. Bu, bir sınaqdır ki, görək, bu sınağın altından bir xalq olaraq, millət olaraq biz necə çıxırıq və çıxmalıyıq.

- Bu günlərdə sosial şəbəkələrdə xeyli aktivsiniz.

- Bizim işimiz yazı işidir. Qələm adamları deyirdik əvvəllər. İndi isə “klavye” adamlarıyıq. Bəli, sosial şəbəkədə fəal iştirak edirəm. Həm öz cavablarımla, həm klassik ədəbiyyatdan gətirdiyim nümunələrlə çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim. Boynumuza düşən də odur ki, topladığımız bilikdən, klassik ədəbiyyatdan, folklordan, böyük şəxsiyyətlərin dediklərindən, aforizmlərindən istifadə edib, bu ağır günlərdə xalqımıza dəstək olaq. Sosial şəbəkələr vasitəsilə onlara arxa, dayaq olaq. Söz çox böyük bir qüvvədir. Sözün qüvvəsi əlbəttə ki, təsvirə gəlməz. Müqayisəyə gəlməz bir qüvvədir söz. Təsadüfi deyil ki, vaxtı ilə İran inqilabı, yəni azərbaycan xalqının azadlığı uğrunda demokratik hərəkat zamanı Mirzə Ələkbər Sabir haqqında demişdilər ki, Sabir İran inqilabına bir ordudan daha artıq xidmət eliyib. Nəylə xidmət eliyib? Sözlə! Yəni o insanların ürəyində inam, ümid yaratmaqla, insanları qorxmamağa çağırmaqla, onların üzərinə düşən vəzifəni-vətənpərvərlik funksiyasını yerinə yetirməyə çağırışı ilə Sabir onları səsləyirdi. Əlbəttə ki, bu, insanda bir psixoloji səbat yaradır, sabitlik yaradır. İnsan psixikasında ona qalib gəlsə hər şeyə qadirdir. İnsanın da öz nəfsinə, psixikasına, mənfi enerjisinə qalib gəlməyi üçün klassik ədəbiyyatdan, folklordan, müdrik babaların deyimlərindən gözəl vasitə ola bilməz. Yəni insanı sözlə ruhlandırmaq, ümidləndirmək, sabaha aparmaq çox sınanmış vasitələrdən biridir. Və bugün biz qələm adamları, klavye adamları bu saat onunla məşğuluq. Bizim başqa ziyalılarımız da sosial şəbkələrdə aktivdirlər və elə bilirəm ki, bizim tale yüklü mübarizəmizdə, görünməyən düşmənə qarşı savaşımızda bunun çox böyük önəmi var.

- Bəs yaradıcılığınızda nə kimi yeniliklər var? Hansı işləri görürsünüz?

- Hamımıza məlum olduğu kimi, keçən ili cənab prezident “Nəsimi İli” elan elədi. İstər humanitar sahənin adamları, istər ictimai sahənin tədqiqatçıları, alimləri, istərsə də bədii ədəbiyyat nümayəndələri çox məhsullar işlədilər. Mən də boynuma düşən bu vəzifələrdən birini yerinə yetirdim. "Çağdaşımız Nəsimi" adlı bir monoqrafiya yazdım. Təəssüf ki, biz onun təqdimatına hazırlaşarkən bu hadisələr baş verdi. İnşəallah karantindən sonra onun təqdimatını keçirəcəyik. Mən elə bilirəm ki, prezidentimizin “Nəsimi İli”nə aid çağırışına müəyyən qədər cavab vermişəm.

Elmi yaradıcılığa gələndə uzun müddətdən bəri qlobal bir mövzu üzərində işləyirəm. Dünya ədəbiyyatının iki nəhənginin- Nizami və Şekspirin qarşılaşdırılması, onların öz yaradıcıqları ilə dünya ədəbiyatını bütövlükdə necə irəli aparması, onların yaradıcılıq yolundakı tipologiya, təkcə birbaşa təsirlənmə deyil, ümumiyyətlə, bir insan yaradıcılığının bir fenomeni olaraq ədəbiyyatın ədəbiyyatdan təsirlənməsi və bu təsirlənmənin təkcə orta əsrlərdə deyil, müasir dövürdə bizə nə verdiyini, insanı necə tərbiyə elədiyini, insanda insanlığı necə oyatdığını, bütün bu problemləri tədqiqat obyektinə çevirmişəm.

Mən çox təəssüf edirəm ki, bəzən bizim klassik ədəbiyyat mütəxəsissləri indi başqa klassik ədəbiyyatının müasir əhəmiyyətini tədqiq eləməkdənsə, çox xırda, əhəmiyyətsiz detalları araşdırırlar. Müxtəlif, bəlkə də uydurma əl yazmalara, bəlkə də uydurma əfsanələrə, rəvayətlərə varırlar, onları çox şişirdirlər. Məni çox üzür bu cür hal, ona görə istər "Çağdaşımız Nəsimi" kitabında, istərsə də üzərində işlədiyim "Nizami və Şekspir" kitabında çalışıram ki, bu günümüzə klassikanın verdiyi əsas o töhvələri, bizim  insanlaşmağımızd mane olan cəhədləri, mənfi cəhədlərin aradan qaldrılması üçün onların nə verdiyini göstərim. Yəni necə çalışmaq olar ki, müasir gəncliyə klassik ədəbiyyat daha çox təsir etsin. Hamıya məlumdur ki, müasir gənclik demək olar ki, klassik ədəbiyyatı oxumur, klassik ədəbiyyatdan kənar düşüb. Bunlar bəşəriyət üçün yaxşı hal deyil. Bütün bu bəlaların kökü də burdadır: başqa insanların dərinə varmaması, onların problemlərinin biri digərini düşündürməməsi, empatiya hissinin zəifləməsi. Bu, insan psixologiyasının, mənəviyyatının ən çatışmayan cəhətlərindən biridir.

Öz kitabımda istəyirəm ki, bütün bu problemləri anlaşıqlı, akademizmdən kənar şəkildə əks etdirim. Çünki müasir dövrdə akademizm üslubundakı elmi əsərlər elə də diqqət çəkmir, oxuya bilmirlər, oxuyub anlaya bilmirlər, ağır gəlir. Məsələn, mən Nəsimi haqqındakı monoqrafiyamda 10-15 dənə pritçalardan, lətifələrdən misallar əlavə etmişəm ki, dediyim fikir bədiiliyin köməyi ilə insanların ürəyinə daha yaxın olsun, qavranılması daha asan olsun. 

525-ci qəzet

  • Paylaş: