Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş konfransa hazırlıq işləri görülür
13.04.2020 15:18
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş konfransa hazırlıq işləri görülür

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir.  Belə ki, muzeyin 80 illiyi ilə əlaqədar 2020-ci ilin sonunda keçiriləcək “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiq və regional mədəni transferdə rolu” mövzusunda beynəlxalq konfransa hazırlıq işləri görülür. Bu məqsədlə nəşr olunacaq kitablar silsiləsi üzərində işlər davam etdirilir.

Bununla yanaşı, muzeyin bu il ərzində nəşr olunması nəzərdə tutulan kitabları da hazırlanır. Onlardan bəziləri artıq çapa hazır vəziyyətdədir. Qurumun əməkdaşları muzeyin 80 illik yubileyi ilə əlaqədar, o cümlədən öz konkret araşdırmaları ilə bağlı işlərini davam etdirirlər. Müəssisənin kollektivi ilə rəhbərlik mütəmadi əlaqə saxlayaraq prosesləri koordinasiya edirlər. 

Həmçinin muzeyin kollektivi, eləcə də Xaqani Şirvani adına Aran regional filialı, Xurşidbanu Natavan adına Qarabağ filialı və Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşularaq bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Muzeyin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Axşam görüşləri” verilişi Azərbaycan Radiosu ilə hər həftə efirə çıxır. 31 mart tarixində isə R.Hüseynovun yeni “İblisin etirafı” adlı radiopyesi səsləndirilib.

Bundan əlavə, akademik R.Hüseynov Avropa Şurasının “Avropa naminə liberal demokratların alyansı” adlı siyasi qrupunun Strasburqda keçirilən virtual iclasında çıxış edib. Alim, həmçinin Milli Məclisin Elm və Təhsil Komitəsinin virtual iclaslarında iştirak edib, qanun layihələrinə münasibət bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: