Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Firidun bəy Köçərlinin 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi
12.11.2013 00:00
  • A-
  • A
  • A+

Firidun bəy Köçərlinin 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist, ictimai xadim, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov F.Köçərlinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verərək, tədbirin ölkə Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında” 14 fevral 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq keçirildiyini söylədi. “Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsəri ilk elmi ədəbiyyatşünaslıq mənbəyi kimi” mövzusunda məruzə ilə çıxış edən R.Hüseynov tənqidçinin milli Azərbaycan ədəbiyyatının tərəqqisində xidmətlərindən bəhs etdi. Bildirdi ki, Firidun bəy Köçərli çoxcəhətli zəngin fəaliyyəti ilə Azərbaycan ədəbiyyatının tarixinə və ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi gördüyü işlər böyük əhəmiyyətə malikdir.

 

Muzeydə ədibin fəaliyyətini özündə əks etdirən zəngin arxivin mövcud olduğunu söyləyən alim həmin materiallar əsasında kataloqun yaxın zamanlarda çap ediləcəyini bildirdi.

 

Qeyd etdi ki, Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Ədibin çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla tədqiq edərək qələmə alması bu sahədə böyük töhfədir. “Azərbaycan ədəbiyyatı” əsəri ilə Firidun bəy müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və gələcək tədqiqatçılar üçün geniş imkanlar açmışdır. Əsərdə yüzdən artıq ədibin tərcümeyi-halı və yaradıcılığı yer almışdır.

 

R.Hüseynov çıxışının sonunda, F.Köçərlinin “Balalara hədiyyə” dərsliyinin 2014-cü ildə yeni tərtibatda çap etdiriləcəyini vurğuladı.

 

Sonra filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli “Nizami muzeyində Firudin bəy Köçərli arxivi” mövzusunda məruzə ilə çıxış etdi. Natiq F.Köçərlinin muzeyin fondunda qorunan və xalqımızın keçdiyi mürəkkəb ictimai-tarixi mərhələni, mədəni prosesləri özündə əks etdirən əlyazmalar, kitablar, xatirə əşyaları, fotolar haqqında məlumat verdi.

 

Tədbirdə, həmçinin muzeyin şöbə müdiri Tomiris Babanlı ”Firidun bəy Köçərli Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında” mövzusunda məruzə ilə çıxış etdi.

 

Natiq görkəmli ədibin ekspozisiyada sərgilənən eksponatları – özünün və həyat yoldaşı Badisəba xanımın şəxsi əşyaları, “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərinin əski əlifba ilə 1925 və 1926-cı illərə məxsus nəşrləri haqqında ətraflı məlumat verdi. Bu materialların ümumilikdə Azərbaycan mədəniyyəti tarixində müstəsna rol oynadığını vurğuladı.

 

Tədbirdə, həmçinin Firudin bəy Köçərlinin həyat və yaradıcılığınıa əks etdirən sərgi də nümayiş olundu.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: