www.science.az
15.04.2020 12:48

Kosmonavtika Muzeyi və kosmonavt Aleksandr Misurkinin yeni layihəsi təqdim olunub

Aprelin 12-si Kosmonavtika Günündə Moskvanın Kosmonavtika Muzeyi və təyyarəçi-kosmonavt, Rusiya Federasiyasının Qəhrəmanı Aleksandr Misurkinin birgə yeni onlayn-layihəsinə start verilib.

İlk buraxılış aprelin 12-də Kosmonavtika Muzeyinin sosial şəbəkədəki səhifəsində yayımlanıb.

nkj.ru saytının məlumatına görə, proqram kosmos sevərləri elm və texnikanın yeni nailiyyətləri ilə tanış edəcək. Təyyarəçi-kosmonavt Aleksandr Misurkin Roskosmosda fəaliyyət göstərir. O, 2 dəfə Beynəlxalq Kosmik Stansiyaya uçuş edib, Rusiya kosmonavtları arasında orbital stansiyadan kənarda qalma vaxtına görə kosmonavt Anton Şkaplerov ilə birlikdə rekorda (8 saat 12 dəqiqə) imza atıb.

Layihənin məqsədi gələcəkdə həyata keçiriləcək kosmik layihələr çərçivəsində bu gün görülən işlər və yaradılan texnologiyalar haqqında məlumat vermək və insanlarda elmə marağı artırmaqdır. Layihənin devizini planetin ilk kosmonavtı Yuri Qaqarinin sözləri təşkil edir: “Həyat göstərir ki, kosmosu da super qəhramanlar deyil, ən adi insanlar öyrənəcək”.