Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qloballaşma və pandemiya: problemlər və çıxış yolları
24.04.2020 11:58
  • A-
  • A
  • A+

Qloballaşma və pandemiya: problemlər və çıxış yolları

XXI əsrdə qloballaşma prosesi cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir. Beynəlxalq inteqrasiyanın, sərbəst hərəkətliliyin və sərhədlərin nisbətən açıq olmasının nəticəsi kimi səhiyyə məsələləri və insan xəstəlikləri də qlobal xarakter alır və bu faktın nəzərə alınmaması gözlənilməz fəsadlara yol aça bilər. Digər tərəfdən, elmi kəşflərin ikili xarakteri, yəni insan həyatının müxtəlif sahələri üçün əhəmiyyət daşıyan nailiyyətin, eyni zamanda, bütün dünyanı sarsıda biləcək vasitə ola bilməsi günümüzün reallıqlarındandır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü Pənah Muradov söyləyib. O bildirib ki, bu gün dünyanın heç bir ölkəsi özünü sosial-iqtisadi böhranlardan, hər hansı xəstəliyin yayılmasından sığortalanmış hesab edə bilməz. Bu, bir sıra səbəblərdən irəli gəlir:

-Dünya əhalisinin sayının artması ilə əlaqədar olaraq təbiətə insan müdaxiləsinin genişlənməsi, yaşayış yerimizin ümumilikdə antropogen transformasiya olunmuş bir ekosistemə çevrilməsi və bunun nəticəsində Yer üzərində olan canlıların, o cümlədən müxtəlif xəstəlik törədicilərinin də proqnozlaşdırılmayan dəyişikliklərə məruz qalması;

-İnsanların hərəkətliliyinin, miqrasiya proseslərinin dünya miqyasında həddindən artıq dinamiki xarakter daşıması;

-Müxtəlif, o cümlədən bioloji xarakterli eksperimentlərin sınaqdan keçirilmə yeri kimi lokal müharibələrin, hərbi münaqişələrin davam etməsi;

-İnsanların heyvanlara, xüsusən də vəhşi təbiətə aid olanlara münasibətinin dəyişilməsi, təmasın çoxalması və qida kimi qeyri-ənənəvi zooloji varlıqlardan istifadə hallarının genişlənməsi;

-Dünya ölkələrinin sosial, demoqrafik və sanitar-gigiyenik vəziyyətində kəskin fərqlərin mövcudluğu və əksər hallarda onların arzu edilən səviyyədən uzaq olması;

-Biotexnologiyanın məhsulu olan orqanizmlərin məhsuldarlığının aşağı düşməsi, yenilərinin tapılması səbəbindən bəzi ştamm-produsentlərin təbiətə daxil olması nəticəsində bioloji çirklənmə tendensiyasının yüksəlməsi və s.

P.Muradov bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə bağlı bir sıra versiyalar (heyvandan insana keçməsi, təbii mutasiya, bioloji silah və s.) olsa da, biz onlardan hələ ki rəsmi hesab edilə biləcək istiqamət üzərində məsələyə aydınlıq gətirməyə çalışaq. Qeyd edilir ki, virus heyvandan (yarasadan, ilandan və s. zooloji varlıqdan) insana keçib və pandemiyaya səbəb olan xəstəliyi törətməyə başlayıb. Bu heyvanların hamısı dünyanın bəzi ölkələrində insanlar tərəfindən yeyilir və ya onların məhsulları xalq təbabətində geniş istifadə olunur.

Qloballaşmanın yuxarıda sadalanan reallıqları dünyada yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradır. Deməli, pandemiyanın baş verməsi nəzəri baxımdan gözlənilən idi. Eyni zamanda, xəstəlik dünyada gözlənilməz və fərqli bir mənzərə yaratdı. Maraqlıdır ki, bu mənzərədə zəif də olsa, bir asılılıq müşahidə olundu: dövlətin inkişaf səviyyəsi ilə pandemiyaya adekvat münasibət arasında tərs mütənasiblik. Bu gün hamıya məlumdur ki, pandemiya ən ağır şəkildə özünü ABŞ və Avropanın İtaliya, İspaniya, Fransa, İngiltərə, eləcə də Almaniya kimi aparıcı dövlətlərinin nümunəsində ortaya qoydu. Gözlənilənlərin əksinə olaraq, bir sıra orta səviyyəli dövlətlər pandemiyaya qarşı müdafiə tədbirlərinin görülməsində daha çeviklik göstərməklə təhlükənin geniş yayılmasının qarşısını almağa, daha dəqiqi, hələ ki nəzarət altında getməsinə nail ola bildilər. Əminliklə demək olar ki, Azərbaycanda da bu məsələyə münasibət vaxtında verilən reaksiya ilə müsbət mənada inkişaf etdi. Belə ki, ölkə Prezidentinin pandemiyanı cilovlamaq və epidemiyanın yayılmasını dayandırmaq məqsədilə verdiyi tapşırıqlar və bunlar əsasında görülmüş tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin hətta ABŞ və Avropanın aparıcı ölkələri ilə müqayisədə belə zəif görünməməsinə imkan verdi. Qabaqlayıcı tədbirlərin hesabına ciddi təhlükənin geniş şəkildə yayılmasının qarşısı hazırkı mərhələdə uğurla alındı və bu istiqamətdə fəaliyyətin davam etdirilməsi Azərbaycanın bu bəladan minimal itkilərlə çıxmasına nail olacağına ciddi inam yaratdı.

Bütün qeyd olunanlar, yaşayıb gördüklərimizin təhlili bir sıra ümumiləşmələr aparmağa imkan verir. Bu pandemiya dünyada bir sıra problemləri üzə çıxardı:

-Qloballaşmanın genişlənməsi fəsadlar doğurur, dövlətüstü birliklər (məsələn, Avropa Birliyi) hər hansı yoluxucu xəstəliyin pandemiya mərhələsinə keçməsi təhlükəsinin qarşısını almağa qadir deyil;

-İnsanların yaşayış şəraitinə, rifahının yüksəkliyinə görə etalon kimi təqdim edilən Avropa standartları əslində zəifdir və həmin ölkələrdə inkişaf insanların təhlükəsizliyini təmin edəcək istiqamətdə getmir;

-Bu və ya digər dövlətüstü qurumlara daxil olan ölkələrdə müvafiq birlikdən asılı olmayan lokal kommunikasiya, təchizat və təminat sistemlərinin olması zəruridir.

-Bu gün əsaslı vəsait qoyulan bir sıra sahələrin, xüsusən də hərblə bağlı olanların pandemiya şəraitində yalnız dünyasını dəyişən insanların dəfninə yardım üçün bəzi texnikaları istifadəyə yararlıdır.

Beləliklə, bu gün yaşadığımız dünyanın reallığı ondan ibarətdir ki, istənilən ölkədə ya yeni, ya yenidən təbiətə qayıdan, ya da yeni ekoloji adaptasiya imkanı əldə edən mikrocanlıların törətdiyi təhlükəli xəstəliklər baş verə, yoluxmadan epidemiyaya, ondan da pandemiyaya keçə bilər.

Qeyd edilib ki, yoluxucu xəstəliklər təkamül nəticəsində insan və heyvan orqanizmində parazit həyat tərzi keçirməyə uyğunlaşan mikrocanlılar tərəfindən törədilir. Onların törətdiyi xəstəliklər biomüxtəifliyin formalaşdığı andan baş verib, zaman-zaman insanların kütləvi şəkildə məhvinə səbəb olub. Koronavirus pandemiyasında dünya dövlətlərinin, xüsusən də inkişaf etmiş ölkələrin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməsi buna əyani misaldır. Cəmiyyətin gələcək inkişafının davamlı olması üçün bu günün reallıqlarından ciddi nəticə çıxarılmalı, mövcud olan hər bir şeyə yenidən baxılmalı, təkmilləşdirilməsi və yenilərinin yaradılması zəruridir. Bu özünü ilk növbədə təhsildə və elmdə büruzə verməlidir. Çünki təhsilsiz və elmsiz heç bir dövlətin inkişafının uzunmüddətli olması real deyil. Digər tərəfdən, son hadisələr göstərdi ki, hətta elmə, təhsilə böyük əhəmiyyət verən dövlətlər də çarəsiz duruma düşə bilər. Bunu da təbii hesab etmək olar, çünki insanlar hələ də təbiətin və təbiət hadisələrinin qarşısında dayanmaq üçün bütün vasitələrə malik deyil və indiki halda hadisələrdən düzgün nəticə çıxarmaq, mümkün ola biləcək təhlükələri proqnozlaşdırmaq və onlardan qorunmaq üçün alternativ variantlı sistemlər hazırlanmalıdır. Bu özünü ilk növbədə elmdə göstərməli və aşağıda qeyd olunan məsələləri əhatə etməlidir:

-Yoluxucu xəstəliklərin, onların törədicilərinin müəyyən edilməsi, nəzarətə götürülməsi, qarşısının alınması və bunların təşkili üçün adekvat və etibarlı maliyyə mənbələrinin yaradılması;

-İnsanların yeni şəraitə uyğun problemləri dərk etməsi və ona müvafiq davranışlarının dəyişilməsini tənzimləyən yeni hüquqi və sanitar-gigiyenik yanaşmalar hazırlanması.

Pandemiya gündəmdə olan bioloji təhlükəsizlik məsələsinə və buna müvafiq bəzi elm sahələrinin, ilk növbədə mikrobiologiya və virusologiyanın inkişafına yenidən baxılmasını da zəruriləşdirib. Çünki bu elm sahələrinin obyektləri əsrlərdir ki, insanların məhv olmasına səbəb olan “qızdırma”nın törədicisi olan canlılardır.

P.Muradov qeyd edib ki, hazırda Yer kürəsində məlum canlıların növ sayı 2 milyona yaxın olsa da, onun 8-9 milyon və daha çox olması ehtimal edilir. Yəni canlıların, ən yaxşı halda, 20 faizi qeyd olunub. Bu göstəricinin mikrocanlılarda daha az, yəni 5-10 faiz təşkil etməsi fərz edilir. Bu fakt da onu deməyə əsas verir ki, biz hələ təbiətdə mövcud olan canlıların, xüsusən də onların xəstəlik törətməyə qabil olan növlərinin az bir hissəsinin xüsusiyyətləri haqqında elmi məlumatlara malikik. Odur ki, dünyanın qarşılaşdığı bu cür vəziyyətlərdən, ilk növbədə, yoluxucu xəstəliklərin törəməsinə səbəb olan virus, bakteriya, göbələk və protistlərin fundamental şəkildə hərtərəfli tədqiqi hesabına çıxılmasının mümkünlüyünə alternativ yoxdur. Qeyd edilən problemə Azərbaycan Respublikasında da dövrün tələblərinə uyğun yenidən baxılması, ölkədə ən müasir texnologiyalarla, o cümlədən molekulyar səviyyədə mikrobioloji və virusoloji tədqiqatların aparılması və gücləndirilməsinə ciddi dəstək verilməsi gələcəkdə baş verə biləcək analoji təhlükələrdən yaranan fəsadların qarşısının daha az itki ilə alınmasına zəmin yaradardı.

  • Paylaş: