Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Vaqif Fərzəliyev: Aşqarlar Kimyası İnstitutu onlayn rejimdə fəaliyyətini uğurla davam etdirir
25.04.2020 13:19
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev: Aşqarlar Kimyası İnstitutu onlayn rejimdə fəaliyyətini uğurla davam etdirir

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıqlara uyğun olaraq AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu da fəaliyyətini onlayn davam etdirir.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə bütün laboratoriya və şöbə rəhbərlərinə tapşırıqlar verilib. Martın 29-dan etibarən institutun I kurs magistrantları üçün mühazirə və seminar dərslər “Zoom” platforması üzərindən keçirilir. II kursda təhsil alan magistrantlar isə onlayn rejimdə həm elmi-pedaqoji təcrübə prosesinə cəlb olunub, həm də elmi rəhbərləri ilə dissertasiya işlərini yekunlaşdırmaq üçün elmi-metodiki məsləhət saatlarından faydalanırlar.

Akademik Vaqif Fərzəliyev qeyd edib ki, fundamental nəzəri tədqiqatlar üzrə beynəlxalq tədqiqat qrupları ilə işbirliyi davam edir: “Xüsusən Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə “Patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” istiqamətində aparılan müştərək beynəlxalq tədqiqatlar müsbət nəticələrini verməkdədir. 2020-ci ildən başlayaraq institutun alimləri tərəfindən alınan maddələrin üzərində hüceyrə və toxuma səviyyəsində molekulyar tədqiqatlar aparılır və mühüm nəticələr əldə olunub. Hazırda türkiyəli həmkarlarımızla əldə olunan elmi nəticələrlə bağlı nüfuzlu xarici jurnallarda 1 məqalə dərc edilib, 3 məqalə çapa qəbul olunub, 5 məqalə çapa göndərilib. Həmin tədqiqat qrupunun üzvü olan alimlərimiz mütəmadi olaraq videokonfranslar təşkil edərək müzakirələr aparırlar. Türkiyəli alimlərin Aşqarlar Kimyası İnstitutunda indiyə qədər apardıqları ortaq elmi tədqiqatların nəticələrinə həsr olunan respublika miqyaslı seminar koronavirus pandemiyası ilə əlaqədar təxirə salınsa da, müştərək fəaliyyətə təsir göstərməyib. Ortaq çalışmalarımızın mövcud vəziyyətini və perspektiv planları videokonfrans yolu ilə mütəmadi müzakirə edib qərarlar veririk”.

İnstitut direktoru vurğulayıb ki, Rusiya və Belarusun aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq səviyyədə tədqiqatlar davam etdirilir və müsbət elmi nəticələr əldə olunub.

“Təkcə beynəlxalq tədqiqat qruplarında çalışan alimlərimiz deyil, eyni zamanda, elmi işçilər fəaliyyətlərini onlayn davam etdirirlər. Onlar tədqiqat sahəsi üzrə məlumatları toplayır, analiz edir, elmi məqalələr yazır, onlayn rejimdə seminar və konfranslarda iştirak edirlər. İnstitutun elmi işçiləri tərəfindən 2020-ci ilin birinci yarısı üçün nəzərdə tutulan laboratoriya tədqiqatları karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda aparılan elmi-tədqiqat işləri emal edilir və alınan nəticələr əsasında məqalə, patent və tezislər hazırlanır”, - deyə Vaqif Fərzəliyev bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, institutun alimləri Azərbaycanca vikipediya üçün məqalələr hazırlanması və yerləşdirilməsi ilə də məşğul olurlar. Patent tədqiqatları və elmi informasiyanın analizi şöbəsi elmi işçilərə lazım olan informasiya dəstəyini göstərir. İnstitutda çalışan gənc alim və mütəxəssislərin, təhsil alan doktorant, dissertant və magistrantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, elmi mütəxəssis kimi yetişmələrinə, nitq qabiliyyətlərinin inkişafına kömək məqsədilə müsabiqələr keçirilir. Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 55 illiyinə həsr olunan “Gənclər üçün akademik Əli Quliyev mükafatı” və ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunan “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulu artıq başlayıb.

İnstitutun rəsmi http://ica.az/ veb-saytında mütəmadi olaraq həyata keçirilən tədbirlər, dünyada və ölkəmizdə baş verən elmi yeniliklər haqqında məlumatlar 3 dildə yayımlanır.

  • Paylaş: